Azərbaycan XİN Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verdi
“Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 3-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir”.
Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alır.
“Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasını baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.
Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yük daşımasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.
6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata Bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata Bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın, eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib.
İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.
Ermənistan tərəfi, həqiqətən də, bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi, həmçinin, Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”, - açıqlamada deyilir.