Bakıda gün ərzində çimərliklərdə 42 uşaq itib: DİN valideynlərə müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.
“Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.
Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.
DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir”, - müraciətdə deyilir.