İcma Fransanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırıb
“Fransanın Xarici İşlər Nazirliyinin öz rəhbəri Katrin Kolonnanın Ermənistanın XİN başçısı Ararat Mirzoyanla 15.08.2023 tarixli telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə, insan haqlarına hörmətsizliyinin, azərbaycanofob siyasətinin növbəti sübutudur”.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada yer alır.
Qeyd edilib ki, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20%-ni işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır:
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələrin oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil.
Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.
Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq”.