Deputat: Qarabağın incisi Şuşaya daha bir türk dövlətinin başçısının səfər etməsi qürurverici idi
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə davamlı olaraq genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Belə ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin məzarı Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ orta əsrlərdə xalqlarımız arasında ticarət əlaqələri və elmi, mədəni mübadilə mövcud olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O bildirib ki, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə olub.
Deputatın sözlərinə görə, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayıb. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
YAP İdarə Heyətinin üzvü deyib ki, avqustun 22-23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Türk dövlətlərinin birliyi kontekstində bu səfər tarixi səfər kimi dəyərləndirilməlidir. Səfər çərçivəsində prezidentlərin görüşü, aparılan müzakirələr, iki ölkə arasında mühüm sənədlərin imzalanması, dövlət başçılarının bir sıra mərasimlərdə iştirakı iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan və Özbəkistan dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlər bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi önəm kəsb etdiyini isbatlayır. Səfər zamanı bir sıra sənədlərin imzalanması gələcək münasibətlərin əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.
Diqqət çəkən əsas məqamlardan biri də budur ki, ali qonaq işğaldan azad edilmiş Qarabağa da səfər edib. İşğaldan azad olunmuş Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Dövlət başçıları və birinci xanımlar həmin məktəbin açılışını etdilər və Füzulinin sakinləri ilə görüşdülər. Qarabağın incisi olan Şuşaya daha bir türk dövlətinin başçısının səfər etməsi, məşhur Cıdır düzünü ziyarət etməsi həqiqətən də qürurvericidir. Ümumilikdə bu səfər iki dövlət arasında gələcək münasibətlərin inkişafi baxımından müstəsna əhəmiyyət kəsb edir.