bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qərbi Azərbaycan Xronikası: Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - VİDEO

31-08-2023, 10:12 0 dəfə baxılıb




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Azərbaycanın zəngin tarixi keçmişə malik olan, bölgə üçün strateji əhəmiyyət daşıyan məkanlardan biri – Zəngəzur mahalı haqqında süjet hazırlanıb.

“Rus-erməni işğalının qurbanına çevrilən mahal” adlı süjetdə ermənilərin onilliklər boyu regionda gedən mürəkkəb siyasi proseslərdən istifadə edərək əvvəlcə Azərbaycan torpaqlarında kiçik Ermənistan yaradıb, sonra onun ərazisini havadarlarının hesabına böyütdükləri bildirilir.

Qeyd olunur ki, indiki Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edir:

“İnzibati-ərazi vahidi kimi, Zəngəzur XIX əsrin birinci qərinəsinin sonunda meydana çıxıb. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk , 91 kürd və 81 erməni kəndi olub. 1905–1907 və 1914–1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinib, 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib”.

Diqqətə çatdırılır ki, Zəngəzur ərazisinin böyük bir qismi 1918-1920-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib, yalnız 1921-ci ildə tarixi qəzanın qərb hissəsində Ermənistanın inzibati-ərazisində daxil edilən Zəngəzur qəzası yaradılıb:

“Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərq hissəsi Qubadlı qəzasına çevrilib. İnzibati ərazi bölgüsünə görə, Şərqi Zəngəzurun ərazisi Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonlarını və Qərbi Zəngəzur isə hazırda Ermənistanın Sünik vilayətinin ərazisinə daxil olan keçmiş Sisian, Qafan, Gorus və Meğri rayonlarının ərazilərini əhatə edir. Bununla da müasir Azərbaycan dövləti Zəngəzur dəhlizi vasitəsilə iki hissəyə ayrılır. Tarixi Zəngəzurun Azərbaycan sərhədləri içərisində qalan hissəsi Şərqi Zəngəzur, indiki Ermənistan dövləti ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.

1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk etdikdən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri erməni vandalları tərəfindən dağıdılaraq məhv edildi”.

Süjetin sonunda Azərbaycanın tarixi mahalı olan Zəngəzurun da erməni işğalçılıq siyasətinin qurbanına çevrildiyi, bu gün Qərbi Azərbaycanda qalan Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizliyin sona çatacağı, vaxt gələcək azərbaycanlıların yenidən tarixi torpaqlarına qayıdacağı vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930