Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi
Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd olunub ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Azərbaycan XİN-dən bildirilib ki, səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.