Araik separatçıların sonuncu “başçısı” olacaq - Xankəndidə vəziyyət dəyişdi
“Araik Arutyunyan yaxın gələcəkdə Qarabağda nələrin baş verəcəyini çox gözəl anladığı üçün istefa verdi. Maddi vəziyyətini yaxşılaşdırmaq ümidi ilə qala bilərd, amma o tezliklə hər şeyin bitəcəyini bilir, buna görə getdi”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Argisti Kiviryan deyib.
Onun sözlərinə görə, Araik legitimlik problemi yaranmasın deyə bu addımı atmamalı idi: “Dövlət naziri” vəzifəsinə birini təyin edər, özü isə nominal “prezident” olaraq qalardı. Bu, rejimi qorumağa kömək edərdi. İndi isə yeni problemlərin yaranacağı açıq görünür. Çünki Arutyunyan Qarabağda sonuncu “prezident” ola bilər, yeni fiqur isə heç kim, o cümlədən, Ermənistan hakimiyyəti tərəfindən tanınmaya bilər.
Arutyunyanı “hakimiyyətə” keçmiş “prezidentlər” gətirdi. Arutyunyan onların “məhsulu” olduğu kimi, yeni adam (qondarma “dövlət naziri” Samvel Şahramanyan) da onların “məhsuludur”. Onun arxasında Bako Saakyan dayanır. Bu onu göstərir ki, onları Qarabağın gələcəyi yox, öz gücləri və qazancları maraqlandırır”.
Erməni politoloq qeyd edib ki, Qarabağdakı separatçıları ən çətin günlər gözləyir.