bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? - AÇIQLAMA

9-09-2023, 15:43 1 dəfə baxılıb





“Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar”.

Bu sözləri valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bölgələrdən Bakıya oxumağa gələn tələbə oğlanların kirayə ev tapmaqda qarşılaşdıqları çətinliklər haqqında danışarkən deyib.

Elnur Fərzəliyev qeyd edib ki, insanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar:

“Çünki əksər hallarda oğlanlar evə təmiz baxa bilmir, gigiyena qaydalarına riayət etmirlər. İstər mənzildə siqaret çəkmək, istərsə də dost-tanış oğlanları mənzilə toplayıb səs-küy yaratmaq kimi hallara rast gəlinir. Buna görə də çox vaxt oğlan kirayənişin mənzildə qalanda qonşuların şikayətləri olur. Ona görə də ev sahibləri evlərini daha çox ya tələbə qızlara, ya da uşağı olmayan gənc ailələrə kirayə verməyə çalışırlar ki, evin təmirinə də zərər dəyməsin”.

Ekspert vurğulayıb ki, bu problemlərin başlıca səbəbi kifayət qədər tələbə yataqxanalarının olmamasıdır:

“Bir vaxtlar tələbə yataqxanaları çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər daha çox tələbə yataqxanalarına sığınaraq orda yaşadılar. Amma daha sonra bəzilərinə dövlət ev verdi, hazırda da onların bir çoxu mərhələli şəkildə Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Amma yenə də tələbə oğlanların kirayə mənzil tapmasında problemlər qalır”.

Elnur Fərzəliyev əlavə edib ki, bu gün istər qız, istərsə də oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var:

“Şəhərin bir çox hissəsi sökülür. Köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri də sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orada yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayədə qalırlar. Onlar da mənzilləri uzun müddətli kirayə götürdükərinə görə, artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir”.

Ekspert bildirib ki, bu problemlərin həllinin yeganə yolu tələbə yataqxanalarının bərpa olunmasıdır:

“Hazırda yaşayış üçün yaralı olmasa da, torpaq sahələri var. Həmin torpaq sahələrində müasir, hündürmərtəbəli yataqxanalar tikilərsə, tələbələrin ev problemi aradan qalxar, onlar bahalı kirayə mənzillərdən qurtulmuş olarlar. Bunun üçün universitetlər özləri də müraciət edə, yaxud Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər. Yasamal rayonunda Bakı Dövlət Universitetinin (BDU) yataqxanaları söküldü, orda sadəcə bir yataqxana var. Onu da “bizim yataqxanamız var” deyə gözmuncuğu kimi saxlayıblar. O yataqxanada əsasən xarici tələbələr qalır. BDU-nun minlərlə tələbəsi var, lakin yataqxanada minimal sayda tələbə qala bilər ki, bu da bölgələrdən gələn tələbələrə bəs eləmir”.

“Bakının bir çox ərazilərində olan bu yataqxanalar yenidən bərpa olunmalıdır. Belə olanda tələbələr, ailələri də bu problemdən qurtulmuş olarlar. Çünki tələbənin tək xərci kirayə ilə bitmir, onun yol, qida, geyim, təhsilhaqqı, kitab-dəftər pulu kimi xərcləri var. 4 ildə hansısa kasıb ailənin Bakı və digər böyük şəhərlərdə tələbə oxutmağa ayda 500 manatadan çox xərci çıxır. Hansı ki, bu pul bəlkə də bölgədə yaşayan ailənin bir aylıq qazancıdır. Buna görə də bəzən tələbə bu xərcləri ödəmək üçün məcbur qalıb işləyir. Onlar da təhsildən kənarda qalanda savadlı kadr olaraq yetişmirlər”, - deyə ekspert əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930