Rusiya QXC-nin Qarabağdakı erməniəsillilərə göndərdiyi ərzaq maşını Xankəndiyə çatıb
Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətinə yola salınıb.
“Report”un həmin avtomobili müşayiət edən əməkdaşının verdiyi xəbərə görə, artıq ərzaq maşını Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.
Avtomobilin içərisində olan ərzaqlar Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Həmin yardım sentyabrın 10-da Qarabağdakı erməniəsilli sakinlərə çatmalı idi.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.