"Qəbələ" Sənan Qurbanovun istefasını qəbul edib
"Qəbələ" rəhbərliyi Azərbaycan Premyer Liqasının III turunda "Keşlə”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi postundan getdiyini bildirən Sənan Qurbanovun istefasını qəbul edib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı mütəxəssisə fəaliyyətinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
2012-ci ildə "Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib.
"Qırmızı-qaralar" onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. "Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün qalibi olub