Dövlətin ayıracağı maddi yardım kimə veriləcək?
"Düşünürəm ki, dövlətdən ayrılan maddi yardım bütün vətəndaşlara şamil olunmalıdır".
Bizimlider.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli koronavirus pandemiyası ilə əlaqədar dövlətin vətəndaşlara verəcəyi maddi dəstəyin mexanizmlərindən danışarkən deyib. O bildirib ki, işçi qruplarında bunun bağlı iş gedir, müxtəlif təkliflərin müzakirəsi aparılır:
"Bu gün ya da sabah bununla bağlı rəsmi məlumat veriləcək. Düşünürəm ki, bu, bütün vətəndaşlara şamil olunmalıdır. Könüllülük prinsipi gətirilə bilər.
Çalışan, imkanı olan insanlar könüllü şəkildə bu vəsaitdən imtina etsələr, həmin vəsait daha az təminatlı ailələrə paylana bilər. Amma indiki durumda hamının vəziyyətini bir-bir araşdırmaq üçün dövlətin nə resursu, nə də zamanı var. Ona görə də dövlətin ayırdığı vəsaitin hamıya şamil olunması daha doğru olardı".
Natiq Cəfərli bildirib ki, bunun mexanizmləri ilə bağlı problemlər yaşana bilər:
"Təəssüf ki, Azərbaycanda qeydiyyatda olan vətəndasların bir çoxu qeydiyyat ünvanlarında deyil, digər yerlərdə yaşayır. Ona görə çatdırılma ilə bağlı müəyyən problemlərin yaranması mümkündür. Bunun mexanizmini elə qurmaq lazımdır ki, icraçılar tərəfindən sui-istifadə, korrupsiya hallarına yol verilməsin. Çox vətəndaşların bank hesabları yoxdur. Ola bilsin ki, kimlərin ki bank hesabları var, həmin pul birbaşa ora köçürülsün. Kimlərin ki, hesabı yoxdur, yaşayış ünvanı ilə bu vəsait ona çatdırılsın. Hələ ki, dövlətin minimim əmək haqqı səviyyəsində dəstək olmağa imkanı var. Amma vəziyyət uzun çəksə, daha da pisləşsə, növbəti aylarda bunu təkrar etmək üçün büdcənin vəsaiti yetməyə bilər. Ona görə də bu yardım cəmi bir dəfə olacaq.
Azərbaycanda dövlət orqanlarında çalışan, büdcədən maliyyələşən 917 min insan var. Onların maaşlarının ödənilməsində heç bir problem yoxdur. Ola bilsin həmin insanları siyahıdan çıxarsınlar. Onlar isləsələr də, işləməsələr də maaşlarını alırlar. Hər halda bütün vətəndaşlara şamil olunması daha doğru olar".