"SOCAR-da karantin rejimi qaydaları pozulur" - Mirvari Qəhrəmanlı
Azərbaycan Dövlət Neft ,irkətində işçiləri dənizdə yerləşən platformalara yollandıqları gəmilərdə və saxlandıqları otellərdə karantin rejiminin qaydalarına riayət olunmur, bunu Neftçilərin hüquqlarının müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
"Bu fotolar bu gün (17 iyun) Neft Daşlarında çalışan işçilərin karantindən sonra işə yola salınması zamanı çəkilib. Neftçilərin saxlandığı otel və General Əsədov gəmisində çəkilib. Gəmidə də 450-dən artıq işçi var. Maska hanı? Məsafə niyə saxlanılmır?", - deyə hüquq müdafiəçisi öz Facebook səhifədində yazıb.
Daha sonra o, Neft Daşları NQÇİ rəisi Qoçəli Mahmudov, ƏMTT üzrə baş mühəndisin müavini Bəhlul Eyyubov, Həmkarlar Təşkilatının sədri Hüseyn müəllimi (soyadını bimədiyimiz üçün qeyd edə bilmədik - red.) karantin qaydalarını gözləməyə çağırıb.
Bir müddət qabaq hüquq müdafiəçisi neftçilər arasında koronavirusa yoluxma hallarının artdığı barədə məlumat vermişdi.
Azneft İB-nin mətbuat xidmətinin rəhbəri Nail Rəhimzadə isə bildirirki, "Azneft” İB olaraq bu kimi təşkilatı işləri görmək və maarifləndirmə aparmaq onların üzərinə düşürsə, qaydalara əməl etmək işçilərin məsuliyyətindən irəli gəlir.
"Onlar tibbi maska və gündəlik 3 dəfə yeməklə təmin edilirlər. Bundan əlavə "Azneft” İB-nin səlahiyyətli nümayəndələri tərəfindən yoxlamadan keçən, növbə dəyişən işçilərlə daim söhbətlər aparılır, maarifləndirmə işləri həyata keçirilir, sosial məsafənin saxlanılmasının, qoruyucu vasitələr, o cümlədən tibbi maskadan istifadənin vacibliyini bildirilir. Təəssüf ki, bəzi işçilərin məsuliyyətsizliyi, öz, eləcə də başqalarının sağlamlığına qarşı biganə münasibəti nəticəsində sosial məsafənin saxlanılmamasına, tibbi maskadan istifadə edilməməsi hallarına rast gəlirik. Ancaq "Azneft” İB-nin səlahiyyətli nümayəndələri karantin qaydalarına əməl edilməsi ilə bağlı vəziyyətə daim nəzarət edir və bununla bağlı işçilərə müvafiq tövsiyələr, xəbərdarlıqlar edirlər”, - deyə sözçü əlavə edib.