Azərbaycan həkimləri tibb ədəbiyyatında rast gəlinməyən unikal əməliyyat keçiriblər - VİDEO
Azərbaycanda həkimlər tibb nəzəriyyəsində belə rast gəlinməyən bir əməliyyat həyata keçiriblər.
Bizimlider.com oxu.az-a istinadla xəbər verir ki, beş yaşlı uşaqda anadangəlmə metabolizm pozğunluğu olub.
Bu, uşağın bəzi daxili orqanlarının iş ritmini pozub, ürək-damar xəstəliyinin inkişafına səbəb olub. Bu cür xəstəliyi olanlar 12 ildən çox yaşaya bilmir. Lakin bu dəfə uşağın əmisi onun üçün donor olub və cərrahlar qaraciyər transplantasiyası etməyə hazırlaşarkən başqa bir böyük problemlə rastlaşıblar.
Əməliyyatdan əvvəlki yoxlanış zamanı məlum olub ki, uşağın ürəyini qidalandıran damarlar 90 faiz daralıb. Bu nəticə xəstənin hər an ölə biləcəyi demək idi. Buna görə də xəstədə təcili olaraq başqa bir mürəkkəb əməliyyata - açıq ürək əməliyyatına ehtiyac yaranıb.
Əməliyyatı həyata keçirən Gömrük Xəstəxanasının transplantoloqu Mircəlal Kazımi bildirib ki, sonda açıq ürək əməliyyatı və qaraciyər köçürülməsi əməliyyatlarını uğurla həyata keçiriblər.
Uşaqlar üzərində aparılan bu cür əməliyyat dünyanın heç bir ölkəsində tibbi ədəbiyyat materiallarında təsvir olunmur.