Oqtay Şirəliyevin “İmmunlaşdırma həftəsi” necə baş tutacaq? - Karantin rejimi və peyvəndlərdən narazılıq
“Hazırda karantin rejiminin tətbiqinə baxmayaraq, ölkədə vaksinasiya prosesi mütləq davam etdirilməlidir”.
Səhiyyə naziri Oqtay Şirəliyev 20-26 aprel aralığında ölkə ərazisində “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb. Nazirin əmrinə əsasən, hər hansı səbəbdən immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi təmin olunacaq.
Bununla belə, bir çox valideynlər uşaqlarının peyvənd olunmasını istəmirlər. Onların bəziləri vaksinlərin aşağı keyfiyyətli olmasından narazılıq edir, digərləri isə övladlarının peyvəndlərə qarşı allergik reaksiyasının olduğunu əsas gətirirlər. Maraqlıdır, ölkədə tətbiq olunan karantin rejimində və peyvəndlərin keyfiyyətinin narazılıq doğurduğu şəraitdə bu proses necə həyata keçiriləcək?
Tibb eksperti Rasif Bağırov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəyə gətirilən peyvəndlərin keyfiyyətini yalnız laboratoriya analizi vasitəsilə müəyyənləşdirmək mümkündür. Eyni zamanda, uşaqlara peyvənd vurulması onların sağlamlığı üçün zəruridir:
“Vaksinlərin keyfiyyətini yalnız laborator-müayinə üsulları və ya hansı firmadan alınması yolu ilə müəyyən etmək olar. Hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqinə baxmayaraq, vaksinasiya prosesi mütləq davam etdirilməlidir.
Yəni immunlaşdırma prosesinin vaxtında aparılmaması gələcəkdə xəstələrin sağalması üçün gözlənilən nəticəni əldə etməyə imkan vermir. Həmçinin o halda insanın müxtəlif xəstəliklərə tutulma ehtimalı da artır. Bu baxımdan, “İmmunlaşdırma həftəsi”nin keçirilməsində hər hansı problem yoxdur”.