Psixiatr: “Bir çox psixi pozuntular vaxtında aşkar edilmə və düzgün müalicə ilə aradan qaldırılır”
“Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur”.
Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova nazirliyin mətbuat xidmətinə müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirİK:
- Aydan xanım, psixi sağlam insan olmağın əlamətlərinə nələr daxildir?
- Psixi sağlamlıq deyildikdə ilk növbədə şəxsin sərbəst şəkildə öz həyat fəaliyyətini dəstəkləməsi nəzərdə tutula bilər. Yəni, şəxs özünə qulluq etməyi bacarır, ətraf mühiti və özünü dərk edə bilir, davranışı ümumi qəbul edilmiş normalara müvafiq gəlir. Şəxs özünə və ətrafına zərər vurmamalı, təhlükəli olmamalıdır. Həmçinin, ünsiyyət yarada bilmək vacib məsələlərdən biridir. Belə ki, psixi cəhətdən sağlam şəxs təhsil aldığı, işlədiyi müəssisədə, məişətdə, ictimai yerlərdə gündəlik fəaliyyətini məhz ünsiyyət vasitəsilə asanlaşdıra bilir. Bu səbəbdən də psixi sağlamlığı ifadə edən xüsusiyyətlərdən biri nitq və ünsiyyət bacarığıdır. Yaddaş, əqli inkişaf, emosional sfera da psixi sağlamlığın göstəricilərindəndir.
Qeyd edim ki, bir çox psixi pozuntular vaxtında aşkar edilmə və düzgün müalicə ilə aradan qaldırılır. Bu gün psixi xəstəlik aşkar edilmiş şəxs müalicə aldıqdan sonra bir daha heç bir psixi pozuntudan əziyyət çəkməyə bilər. Belə olan halda keçmiş diaqnoz onun gələcəyinə təsir etməməli və həmin şəxs hər zaman psixi cəhətdən sağlam hesab edilməlidir.
- Ən çox rastlanan psixi pozuntu halları hansılardır?
- Ən çox rast gəlinən psixi pozuntulardan biri depressiyadır. Depressiyanın əsas əlamətləri daxili sıxıntı, narahatçılıq, bədbinlik, ümidsizlik, əhvali-ruhiyyənin enməsi, həyatdan həzz alma qabiliyyətinin azalması və ya itirilməsidir (anhedoniya). Depressiya zamanı adətən bu simptomlar da mövcuddur - konsentrasiyanın pozulması, yorğunluq və ya enerji çatışmazlığı, yuxu və iştahanın pozulması. İstər əsas xəstəlik kimi, istərsə də istənilən psixi pozuntu ilə müştərək şəkildə depressiya geniş yayılıb.
Bundan əlavə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur. Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir.
- Uşaqlarda psixi sağlamlığın göstəriciləri nələrdir? Onların psixoloji cəhətdən sağlam olmaları üçün valideynlər nəyə diqqət etməlidilər?
- Uşaqlar hər zaman xüsusi diqqət ayırdığımız qrupdur, çünki onların psixi vəziyyəti ətrafda baş verənlərə qarşı olduqca həssasdır. Uşaqların təfəkkür və qavrama funksiyaları yetkin şəxsdəki inkişaf səviyyəsinə çatmadığı üçün onların sağlam mühitdə böyüməsi xeyli önəmlidir. Sağlam mühit dedikdə onların düzgün qidalanması, təhsil alması, ünsiyyəti və bu kimi bir sıra digər amillər nəzərdə tutulur. Psixi cəhətdən sağlam bir uşaqda məktəbdə bilikləri yaşın uyğun dərəcədə mənimsəmə, yaşıdları ilə adekvat ünsiyyət saxlamaq, ictimai yerlərdə davranış qaydalarına riayət etmək qabiliyyəti olmalıdır.
Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur. Buna görə də valideynlər uşaqlarını stres və problemlərdən mümkün qədər kənarda saxlamalı, onların fikrini təhsilinə, özünü inkişafa yönləndirməlidir.
- Çox vaxt depressiyada olan şəxslər psixiatr məsləhəti olmadan antidepressantlar qəbul edirlər. Bu cür dərmanların qəbulu hansı təhlükəyə səbəb ola bilər?
- Hazırda çox sayda antidepressant mövcuddur. Təəssüf ki, bir çox şəxslər antidepressantların yan təsirləri, fəsadları ola biləcəyi faktını nəzərə almır və təlimata uyğun olmayan şəkildə qəbul edirlər. Belə hallarda həm dərmana qarşı tolerantlıq yarana bilər, həm də yan təsirlər ciddi problemlərə yol aça bilər. Məsələn, antidepressantların əksəriyyəti qəbul olunduğu ilk günlər ərzində ürəkbulanma, başgicəllənmə, yuxululuq, bəzən həyəcan kimi əlamətlərə səbəb olur. Əgər psixiatr tərəfindən təyin edilmədən qəbul edilibsə, sözsüz ki, şəxs adıçəkilən əlamətlərlə bağlı suallarına cavab tapa bilmədiyindən dərmanı pərakəndə qəbul etməyə başlayır və ya dayandırır. Antidepressantı qəfil dayandırdıqda kəsilmə sindromu başlaya bilər. Bəzən əksinə, doza həddini aşırlar. Bu zaman serotonin sindromu kimi ciddi bir fəsadla üzləşirlər. Hər iki sindrom zamanı həkim nəzarəti mütləqdir.
Bundan əlavə, dərmanlara qarşı yüksək həssaslığı da diqqətdə saxlamaq lazımdır. Xüsusən allergiyalı şəxslər psixiatrın nəzarəti olmadan antidepressant qəbul etməməlidir. Eyni zamanda, ürək-damar xəstəlikləri olan insanlara antidepressant qəbul etmək tövsiyə edilmir. Qan və laxtalanma ilə bağlı patologiyası olan şəxslər də xüsusi diqqətli olmalıdır.
- Yaxınlarında psixi pozuntular hiss edən şəxs ilk olaraq kimə müraciət etməlidir?
- Psixi pozuntuları olan şəxslərin yaxınları əlamətlərin neçə vaxt davam etməsinə diqqət etməlidirlər. Əgər 2 həftədən çox müddət müşahidə etsələr, mütləq mütəxəssisə aparmalıdırlar. Psixoloji dəstək məqsədilə psixoloqa da müraciət etmək olar. Ciddi psixi pozuntu aşkar etdiyi halda psixoloq həkimə yönləndirəcək.
Qeyd edim ki, psixiatr və psixoloq müayinəsi hər zaman anonimlik şəkildə aparılır.