Paşinyanın son manevri: Sülhə gedən uzun yolda növbəti təxribat
Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazır olduğunu bəyan edib. O, Azərbaycanla ikili formatda iş aparılmasının öz effektivliyini göstərdiyini qeyd edib.
Məsələ ilə bağlı irlandiyalı tarixçi və politoloq Patrik Uolş (Patrick Walsh) Publika.az-a açıqlama verib.
Politoloqun sözlərinə görə, Paşinyanın çoxsaylı manevrlərinin arxasında duran motivləri dəqiq şərh etmək hər zaman çətin olub:
“O, düzgün istiqamətə getməyə meylli olsa da, tez-tez sonda ən çətin və uzun yolu seçir. Paşinyan belə hesab edir ki, Rusiyanın iştirakı ilə sülh prosesi Ermənistan üçün uduzulmuş oyundur".
Uolş bildirir ki, Paşinyan danışıqlarda üstünlük əldə etmək üçün Qərbi cəlb etməyə çalışaraq Rusiyanı özündən daha çox uzaqlaşdırıb:
“İndi biz birbaşa danışıqlar və həll üçün başqa bir manevr görürük. Bunun Bakı üçün nə dərəcədə cəlbedici olacağını bilmirəm. Çünki onun məqsədi sülh üçün mümkün qədər çox maraqlı tərəfin cəlb olunduğu ümumi regional təhlükəsizliyi əhatə edən hərtərəfli nizamlanmadan ibarətdir. Paşinyanın son manevri, çox güman ki, Ermənistan liderinin sülhə gedən uzun yolda etdiyi növbəti təxribatdır”.