Konqresdən Məxfi Xidmətə KRİTİK ÇAĞIRIŞ - "Trampı Prezident kimi..."
ABŞ Konqresindəki Respublikaçılar Məxfi Xidməti ABŞ prezidentliyinə namizəd Donald Trampı hazırkı Amerika lideri Co Baydenlə eyni təhlükəsizlik və müdafiə ilə təmin etməyə çağırıb.
"Fox News" məlumat yayıb.
Respublikaçılar müraciətdə həmçinin Məxfi Xidmətdən Trampa qarşı sui-qəsd cəhdləri ilə bağlı Konqres üzvlərinə xüsusi brifinq keçirməyi xahiş ediblər. Bunun bir hissəsi olaraq, agentlərdən siyasətçini gələcəkdə potensial təhlükələrdən necə effektiv şəkildə qorumağı planlaşdırdıqlarını eşitmək istəyirlər.
Daha əvvəl məlum olub ki, ABŞ Məxfi Xidməti Trampın həyatına ikinci cəhdin baş verdiyi qolf klubunun ərazisində əvvəllər axtarış aparmadığını etiraf edib.
Sentyabrın 15-də Floridada Trampın qolf klubunda ABŞ prezidentliyinə namizəd kursda oynayarkən atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb.