Azərbaycanda müharibəyə hazırlıq gedir? - MN-də keçirilən müşavirənin şok detalları
Xəbər verdiyimiz kimi, oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
Z.Həsənov deyib ki, “Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, eləcə də peşəkar kadr hazırlığı başlıca məqsədimizdir”.
Videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.
Danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, müdafiə naziri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları ilə mütəmadi müşavirələr keçirir:
12 oktyabr 2024-cü il. Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
“Oktyabrın 12-də keçirilən müşavirə, verilən tapşırıqlar xüsusi diqqət çəkir. Mövcud vəziyyətdə şərti dövlət sərhədində baş verə biləcək ehtimal təxribatlara hazır olmağın tapşırıqları verildi. Bunun qarşılığında adekvat reaksiya, yəni lokal və taktiki səviyyədə mümkün ola biləcək atəşkəsin pozulması hallarına qarşı bu əməliyyatın böyükçaplı qarşıdurmaya gətirilməməsi tapşırıqları burada yer alıb. İndiki mərhələdə Ermənistan və onu dəstəkləyən qüvvələrin daha çox niyə bu məsələdə maraqlı olduğunu hərbçilərimiz müşavirədə verilən tapşırıqlar içərisində anlayıb. Bu mərhələ Azərbaycan üçün həyati önəm daşıyan bir mərhələdir”.
Polkovnikin fikrincə, COP29-un keçirilməsinin beynəlxalq mahiyyətinin kiçildilməsi üçün Ermənistan 2 istiqamətdə fəaliyyət icra edəcək:
“Birinci yerdə Ermənistanın ordusu, yaxud oradakı qeyri-qanuni birləşmələr tərəfindən Azərbaycanla şərti sərhəddə atəşkəsin pozulması planı yer alır. Hansı ki, bununla müharibəyə gətirə biləcək təxribat etmək istəyirlər ki, COP29-a gələcək siyasi liderlər Azərbaycana səfər etməkdən ehtiyat etsinlər. Bu A planıdır ki, ermənilər bunu sahədə həyata keçirmək istəyirlər. Biz bunun içərisində onu da vurğulamalıyıq ki, Avropa İttifaqının mülki missiyasının “binokl diplomatiyası” nəticəsində şərti sərhəddə qaldırılan Ermənistan bayrağında səlib yürüşü xaçının əks etdirilməsi sublimativ mesajdır. Yəni bu, mümkün ola biləcək növbəti gərginlik Ermənistanı dəstəkləyən qüvvələrin marağıdır kimi nümayiş etdirilir. Çünki məsələ tək Ermənistan deyil, eləcə də bu xaçı daşıyan ölkələrin marağında növbəti gərginliyin yaranması planıdır”.
E.Şıxaliyevin sözlərinə görə, digər məsələ isə siyasi təzyiqlərin artırılmasıdır:
“Çünki Qarabağdan öz xoşları ilə köçən ermənilərin Qarabağa qayıtmaları ilə bağlı fikirlər səsləndirilir. Son zamanlar ABŞ konqresmenlərinin müraciəti, Niderland parlamentinin Nümayəndələr Palatasının hərbi əsir olmayan Qarabağ separatçılarının azad edilməsi ilə bağlı müzakirələrinin aktuallaşması, bölgədən köçən ermənilərin Qarabağa qayıtmaq məsələlərinin ölkəmizə qarşı sanksiyalara çevrilmə istəkləri ermənilərin digər məkrli planlarından bəhs edir. Bu da ölkəmizə qarşı mümkün ola biləcək təzyiqlərin ikinci bir versiyasıdır. Hər iki istiqamətdə çox böyük təhdid və təhlükələr həyata keçirilir. Biz bunun arxasında duran güclərin niyyətlərini də oxumalıyıq ki, niyə məhz Ermənistan?”
Mütəxəssis düşünür ki, bu plan daimi olacaq, çünki coğrafiyamız üzərindən oynanılan oyunlar saysız-hesabsızdır:
“Bəlkə də Ermənistanın əli ilə Azərbaycanı yeni müharibəyə gətirmək planları mövcuddur. Müdafiə Nazirliyi də təbii ki, kəşfiyyat orqanlarının məlumatlarına istinad edərək, sözügedən mərhələdə bütün komandanlıqların hazır olmasının göstərişlərini verib. Biz 44 günlük müharibənin nəticələrinə görə arxayınlaşmamalıyıq və baş verəcəkləri anlayaraq, yeni döyüş tapşırıqlarını şəxsi heyətə çatdırmalıyıq. Fikrimcə, həm müdafiə sənayesi üzərindən silahlanmanın artırılması, həm də şəxsi heyətin bu yöndə təlimatlandırılması mümkün ola biləcək üçüncü müharibəyə hazırlıq kimi anlaşılmalıdır”.