Tovuz sakinləri TƏHLÜKƏDƏ: 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU
Tovuzun dağətəyi relyefə malik, təxminən 1000-ə yaxın sakini olan Məşədilər kəndi rayon mərkəzindən xeyli aralıdadır. 350-ə qədər yaşayış evi olan bu kənddə nə tibb məntəqəsi, nə də hər hansı bir səhiyyə müəssisəsi var. Bu kəndi Tovuzun digər şəhər və kəndlərindən Zəyəmçay çayı ayırır. Kənd camaatı alış-veriş, həkim üçün rayon mərkəzinə bu çayın üzərindən keçməklə gedə bilir.
Bu məqsədlə kənddə yaşayanlar öz hesablarına təqribən ötən əsrin 80-ci illərində dəmirdən ensiz bir körpü salıblar. 45 ildir xalqa xidmət edən körpü qəzalı vəziyyətə düşüb. Hər il bir neçə dəfə sel sularının fəsadları nəticəsində zərər görən bu körpü hazırda təhlükəli hal alıb. Bu ilin yazında Zəyəmçaydan selin keçməsi körpünü daha da qəzalı edib.
Bizimlider Bizim.media-ya istinadən xəbər verir ki, kənd sakini Elçin Həsənov qəzalı körpünün hər an uça biləcəyini deyib:
"Hər gün bu körpüdən istifadə edirik. Kəndə başqa yol yoxdur. Oradan keçəndə özümüzü riskə atırıq. Çox pis vəziyyətdədir. Hər an uçmaq təhlükəsi var. Sel gələndə də, ümumiyyətlə, keçə bilmirik. Kənd maşınlarının yarısı o tayda, yarısı bu tayda qalır. Heç piyada da keçə bilmirik. Yaxın vaxtlarda burada yeni körpü tikilməsə, hansısa bədbəxt hadisə baş verəcək", - deyə kənd sakini əlavə edib.
Kənd sakinlərinin sözlərinə görə, Zəyəmçayda suyun səviyyəsi aşağı olduğu müddətdə çoxtonnajlı, iriqabaritli maşınlar çaydan keçə bilir. Lakin çayda sululuq çox olduqda buradan da keçə bilmir. Körpü ensiz olduğundan bir minik avtomobili güc-bəla ilə keçib gedə bilir. Qabaritləri böyük olan yük avtomobilləri isə, ümumiyyətlə, keçə bilmir. Üstəlik sakinlər kənd təsərrüfatı ilə məşğul olduqlarından yük avtomobilləri ilə ot tədarükü, meyvə satışı və digər daşımaları körpü səbəbindən həyata keçirə bilmirlər.