Oqtay Əsədov 163 milyon dollarlıq ticarətdən danışdı
2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon ABŞ dolları həcmində olub. 2019-cu ilin doqquz ayı ərzində isə bu rəqəm 163 milyon dollara çatıb.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov türkmənistanlı həmkarı Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Spiker qeyd edib ki, Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir.
“Bu sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Ələtdə yeni Bakı dəniz limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur”, - deyə O.Əsədov əlavə edib.