Məleykə Abbaszadə: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
"İnsan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət idarəçiliyində səriştə modeli: Çətinliklər və həll yolları" mövzusunda keçirilən seminarda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2003-cü ildə Cenevrə şəhərində “İnformasiya cəmiyyəti” mövzusunda keçirilən beynəlxalq Sammitdə səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək” devizinə uyğun olaraq aparılan siyasət bu gün dövlət qulluğunda da tətbiq edilir: "Müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir. Kompetensiya əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir".
M. Abbaszadə qeyd edib ki, konfransın mövzusu hazırkı dövrdə ölkəmizdə bu sahədə gedən proseslərlə də uyğunluq təşkil edir: "Dövlət idarəetmə sistemində start verilən struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir. Bu isə öz növbəsində, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası”nda (2019-2025-ci illər) öz təsdiqini tapıb. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, xidməti fəaliyyətin qiymətləndirilməsini və s. nəzərdə tutur".
DİM-in Müşahidəçilər Şurasının sədri onu da bildirib ki, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib, hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır: "Eyni zamanda, özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin də vacibliyini qeyd etmək istəyirəm. Belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək".(apa)