Azərbaycanda bu şəxslərə prezident təqaüdü veriləcək – Ayda 2 min manat…
Prezident İlham Əliyev Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.
Sfera.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 2000 (iki min) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
2.1. ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
2.1.1. dul arvadına (ərinə), valideynlərinə;
2.1.2. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
2.1.3. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;
2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.