Nazirlik dənizi çirkləndirən 23 obyekti məhkəməyə verdi
"Bugünədək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib".
Bizimlider.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan "məcburi göstəriş” verilib.
Nazirlik rəsmisi qeyd edib ki, bundan sonra da Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışacaqlar: "İstirahət mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik. əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Çimərliklərdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".