Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı zərərsizləşdirildi - YENİLƏNİB + FOTO
"Ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib:
"Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.
------------
Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.
Pravda.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.
Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.