"Mən burada Birinci vitse-prezident Mehriban xanım haqqında da bir-iki kəlmə söz demək istəyirəm."
Beş.az unikal.org-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib.
O deyib: " Biz 1994-cü ildə Hyustonda olanda Mehriban xanım da bizimlə idi. Bir yerdə nahar edirdik. Bizə məsləhət verirdi, bunu belə edin, bunu elə edin, buna belə baxın. Ən vacibi isə o idi ki, biz gedəndə arxamızca su atırdı ki, işimiz uğurlu olsun.
Prezident İlham Əliyev: Yemək də bişirirdi.
Xoşbəxt Yusifzadə: Kim deyə bilər Mehriban xanımın bişirdiyi yeməyi yeyib? Mən yemişəm. Özü də çox dadlı bişirirdi.
Mən 67 ildir neft sənayesində işləyirəm. Azərbaycanın inkişafı Heydər Əliyevlə başladı, indi bu işi İlham Əliyev davam etdirir. Mehriban xanım Azərbaycanın adını bütün Avropada o qədər yüksəldib ki, hərdən fikirləşirəm, biz 10 milyonuq? Bəlkə çoxuq, mən saya bilmirəm? Hər yerə, haraya baxırsan, hansı Avropa ölkəsinə baxırsan, Mehriban xanım Azərbaycanın adını göylərə qaldırır.
Mehriban xanım, Allah Sizin də canınızı sağ eləsin, çox sağ olun. Bu il də əlamətdar hadisələr olacaq – "Əsrin müqaviləsi"nin 25 illiyi, Neft Daşlarının 70 illiyi. Arzu edirəm ki, Neft Daşlarının 70 illiyini yüksək səviyyədə keçirək. Çünki Neft Daşları dəniz neftinin başlanğıcını qoyan mənbədir. Ona görə də gərək biz Neft Daşlarına diqqəti heç vaxt azaltmayaq. Sağ olun.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.