Bakıda lisey uşağın sənədlərini girov saxlayıb: İki ildir məktəbə gedə bilmir
Bakı sakini 12 yaşlı Rauf Quliyev iki ildir ki, orta təhsildən kənarda qalıb. Səbəb isə onun sənədlərinin bundan öncə təhsil aldığı “Evrika” liseyinin rəhbərliyi tərəfindən girov saxlanmasıdır.
Bizimyol.info xəbər verir ki, Rauf Quliyev üç il bu liseydə təhsil alıb. Liseydə illik təhsilhaqqı 6 min manat olub və vaxtında da ödənilib. Dördüncü ildə müəyyən səbəblərdən valideynlər təhsilhaqqını ödəməkdə çətinlik çəkib.
Baxmayaraq ki, valideynlə lisey rəhbərliyi arasında bağlanmış müqavilədə ödəniş bir ay gecikdirildiyi halda, müqaviləyə birtərəfli qaydada xitam verilməsi nəzərdə tutulub, amma bu addım atılmayıb.
“Valideynlər Raufu çıxarıb ödənişsiz təhsil müəssisəsinə aparmaq istəsələr də, lisey rəhbərliyi öz təşəbbüsü ilə şagirdi məktəbdə saxlayıb. Valideynlərə də deyib ki, narahat olmayın, imkan olduqca, hissə-hissə ödəyərsiz. Amma ailənin maddi durumu düzəlməyib və bu üzdən həmin ilin ödənişini həyata keçirə bilməyiblər. Keçən il uşağı başqa məktəbə yazdırmaq istəyəndə isə lisey rəhbərliyi sənədləri verməyib ki, “borcunuz var”. Beləliklə, Rauf keçənilki tədris ilini təhsildən kənarda qalıb. Bu il də eyni addımı atırlar - sənədləri vermirlər”,- ailənin hüquqi nümayəndəsi, vəkil Roman Qaraşov danışır.
Vəkil bu yaxınlarda liseyin direktoruna rəsmi ərizə ilə mürciət edib. Ərizədə də yazıb ki, şagirdin sənədləri təhsil haqqının gecikdirilməsi bəhanəsilə əsassız olaraq, girov saxlanılıb. Halbuki, bu addım qanun pozuntusudur. Çünki qanunvericilik təhsil sənədlərinin girovuna heç bir halda, icazə vermir. Vəkil lisey rəhbərliyindən Rauf Quliyevin girov saxlanılan sənədlərinin qaytarılmasını xahiş edib.
Ərizənin liseyə təqdim olunmasından 25 günə yaxın vaxt keçsə də, lisey rəhbərliyi hələ də sənədləri verməyib. Hüququ pozulmuş ailə düşünür ki, sənədlər qısa zamanda qaytarılmasa, məsələyə məhkəmə qaydasında baxılmalıdır.
Sənədlərin təhvil verilməsi və mənəvi zərərə görə kampensasiyanın ödənilməsi tələbilə məhkəmədə iddia qaldıracaqlar.