Repetitor bilik vermirsə, onlara niyə ehtiyac var? – FƏRQLİ YANAŞMA
Şagirdlərin repetitor yanına getməsinə münasibət fərqlidir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi hesab edir ki, ali məktəblərə qəbul olmaq üçün repetitor yanına getmək nəticəni elə də dəyişmir.
Rəsmi qurumlar repetitorun təsirini inkar etsələr də, reallıq bunun tam əksini deyir. Müşahidələr göstərir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin böyük əksəriyyəti repetitor yanına gedənlərdir. DİM və nazirlikdən fərqli olaraq, valideynlər ödladlarının hazırlığa getməsini məktəbdə verilən təhsilin yüksək olmaması ilə əlaqələndirirlər.
Müzakirələr fonunda ortaya maraqlı suallar çıxır: məktəbdə təhsil yüksəkdirsə, repetitora nə ehtiyac qalır? Yaxud məktəbdən kənar hazırlıq nəticələrə təsir edirmi?
BizimLider.com Moderin.az-a istinadən xəbər verir:
Mövzu barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev hesab edir ki, bu məsələdə həm DİM, həm də Təhsil Nazirliyi yanlışlığa yol verir:
“Yaxşı nəticə göstərən abituriyentlərin mütəmadi olaraq mətbuata açıqlamalarından görünür ki, onlar əsasən repetitor xidmətindən bəhrələnib və yüksək nəticə toplayıblar. Şəhərdəki məktəblərin yanından keçəndə görürük ki, gecə də dərs keçilir. Orta məktəbdə gecə dərs keçilmir axı, bu repetitor xidmətidir. Bu gün yüksək nəticə göstərən abituriyentlərin əsas uğurları məktəbin hesabına deyil, repetitorların hesabınadır. Hər iki qurumun xüsusi aləti varmı ki, biliyin hansı hissəsini məktəb, hansı hissəsini repetitor verdiyini müəyyən etsin”.
Deputat hesab edir ki, abituriyentlərin yüksək nəticəsi məktəbdən asılı deyil:
“Müşahidə edək, görək məktəblərdə şagirdlərin əlində test kitbçaları çoxdur, yoxsa dərsliklər?! Əlbəttə, test kitabçaları daha çoxdur. Dərsliklər məktəbdə keçirilən dərs müddətində tətbiq olunur. Test kitabçaları isə repetitorların əsas vəsaiti sayılır. Bunun özü də görüntü olaraq faktlardan biridir”.