bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zəfərə gedən yol

12-10-2024, 15:26 18 dəfə baxılıb



Müharibələrin başlanma tarixi adətən kədərlə yad edilir. Nəticəsindən asılı olmayaraq müharibə ölüm, dağıntı, qəm-kədər gətirən hadisədir. Hələ tarixdə yalnız bir tərəfin itki verməsi ilə sonuclanan müharibəyə rast gəlinib, nə də bundan sonra da olacaq. Ermənistanın 30 illik işğalçılıq siyasətinə və bunun nəticəsi olaraq ərazilərimizin 20 faizinin itirilməsinə, 1 milyondan artıq məcburi köçkünümüzün öz doğma yurdlarından didərgin salınmasına beynəlxalq qurumlar tərəfindən ikili standartlar mövqeyindən yanaşılması xalqımızın səbr kasasını daşırmışdı, müharibəni qaçılmaz etmişdi...



Çox sayda müharibələr, müxtəlif qəhrəmanlıq, şücaət, rəşadət və fədakarlıq nümunələri tarixə əbədi həkk olunub. Yenilmz sərkərdələrin rəhbərlik etdiyi qüdrətli ordular, sözün əsl mənasında, tarix yazıblar, bir çox xalqlar əzəli yurdlarını qorumaq üçün mübarizlik və qələbə rəmzinə çevriliblər. İftixaredici haldır ki, bu xoşbəxtlik şərəfli və qürurlu, zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqına da nəsib olub. 30 ilə yaxındır ki, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi – həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq - ədaləti bərpa edib, uzun illərin həsrəti başa çatıb.

Bir az geriyə, 1993-cü ilə qayıdaq. BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən 822, 853, 874 və 884 (1993) nömrəli qətnamələri qəbul etdi. Təhlükəsizlik Şurası həmin qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış etdilər, lakin uzun illər ərzində Ermənistan beynəlxalq birliyin bu mövqeyinə məhəl qoymayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğal altında saxlamaqda davam edirdi. Hətta 2019-cu ildə Ermənistanın müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə" adlı yeni təcavüzkar iddiasını səsləndirdi. Ermənistan baş nazirinin nefuzlu beynəlxaq tədbirlərdə Qarabağı Ermənistanın ərazi hesab etməsi, Şuşada yallı getməsi artıq diplomatiyanın bitdiyindən, Ordumuzun fəaliyyətə başlamasının qaçılmaz olduğundan xəbər verirdi. Son qığılcım – təmas xəttindəki kənd və qəsəbələrimizin ağır artileriya, raket və irişaplı silahlardan atəşə tutulması isə sülhə məcburetmə əməliyyatlarının başlanmasına səbəb oldu. 44 gün davam edəcək müharibə başlandı...

Dövlət başçısı İlham Əliyev tərəfindən qismən səfərbərliyin edilməsi yaşından, sosial kateqoriyasından asılı olmayaraq hər bir vətəndaşın ürəyincə oldu. Milli mənsubiyyətindən, dilindən, dilnindən asılı olmayaraq bütün gənclər səfərbərlik idarələrinə axışdılar, misli görünməmiş bir qələbəlik yaşandı. Bəli, hər kəs 30 illik yurd həsrətinə, işğala son qoymaq üçün silaha sarılmışdı. Qabaqda bu gənclərin qəhrəmanlıq səlnamələri haqda dastanlar yazılacaq, onların keçdiyi döyüş yolu haqda filmlər çəkiləcəkdi.

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

Bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Onların və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onları daim xoş xatirələrlə anacaq, heç vaxt unutmayacağıq.

Bəli, 30 illik vətən həsrəti ilə yanan xalqımız Ermənistanın işğalına son qoydu, öz ana vətənlərinə qovuşdu. Azərbaycan Respublikası nəhayət öz süverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Məğlub Ermənistanın kapitulyasiya aktı Dağlıq Qarabağ bölgəsinin incisi sayılan Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən qısa müddət sonra imzalandı. Ermənistanın Şanlı Ordumuzun qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu qalmadı. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.

Əlbəttə, böyük Qələbəyə aparan bu zəfər yolunu qət etməklə dövlətimizin qüdrətini təkcə düşmənə deyil, bütün dünyaya göstərdik. Daha dəqiq desək, 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparan Azərbaycan dövləti möhtəşəm qələbə qazanaraq tarixi ədalətin bərpasına nail oldu. Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə unudulmaz zəfər yürüşünə imza atdı, düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı. Çünki Azərbaycan Respublikası güclü və müstəqil dövlətdir, bunun təminatı isə hakimiyyət, ordu və xalqın birliyidir!



İSLAMOV DAVUD ƏBDÜLRƏHİM OĞLU
BİZİMLİDER İCTİMAİ SİYASİ QƏZETİ VƏ İNFORMASİYA XƏBƏR PORTALININ XÜSUSİ MÜXBİRİ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930