Fədakar ana, müdrik müəllim!
Daha bir ömür kitabı bağlandı. Hələ nə qədər yazılmamış səhifələri varkən. Xəyallarınd gəzmək, görmək istədiyi yerlər varkən. Ailə həyatını o qədər narahat, təlatümlü keçirdi ki, rahatlığa böyük ehtiyacı varkən. O nəvəsi Əsma, Adnan və Mikayılın tələbə olacağı günü gözləyirdi. Sonra isə Əsmanı gəlin paltarında, Adnan və Mikayılı isə bəy geyimində toy gününü gözləyirdi. Müəllimlərimizdən biri deyirdi ki, övlad toyu görmək şərt deyil, hünərin varsa yaşa, nəvələrinin toyunu gör. Bu sözləri eşidəndən sonra özünə sual verirdi. Görəsən mən də nəvələrimin toyunu görə biləcəyəmmi? Axı nəvələr övladdan da şirin olur. Onları sevməyə, əzizləməyə daha çox vaxtın olur. Canın nə qədər ağrısa da onlarla həyata tutunursan. Ağrı-acılarını unudursan. Onların təbəssümü sənə dünyanı bağışlayır. Sanki sən də öz böyük dünyandan ayrılıb onlar kimi uşaqlaşıb, qayğısız olursan. İnsan yaşadıqca arzuları, xəyalları bitib tükənmək bilmir. Ancaq yaş üstə yaş gələndə dönüb geriyə baxarkən tamam başqa dünya ilə qarşılaşırsan. Keçdiyin əziyyətli ömür yolu bir daha gözlərinin önündə canlanır. Həm kədərlənirsən, həm də sevinirsən. Axı, insan həyatının nə qədər çətinlikləri olsa belə, yenə də xoşbəxt, bəxtəvər günləri də olur. Onları düşünüb sevinib, qürurlanırsan.
Məşhur bir mahnıda “Hardan başlayır vətən?” sualı verilir. Vətən doğulduğun evdən, ilk havasını ciyərlərinə çəkdiyin daxmandan, kəndindən, şəhərindən başlayır. İnsan fəsillərin bir-birini əvəz etməsini, ata-ana məhəbbətini, ana dilində oxunan nəğmələrin şirinliyini, həyatın qəribə sirlərini göz açdığı otaqda duymağa başlayır.
Elə Xuraman xanım üçün də, vətən qədim Naxçıvanın Ordubad şəhərindəki ata yurdundan başlayıb. O, 1946-cı ildə Ordubadda dünyaya gəlmişdi. Atası İbniyəmin kişi ixtisasına görə mühasib işləsə də Ordubadda nəşr olunan “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərirdi. Onun yazıları “Əqrəb” təxəllüsü ilə “Molla Nəsrəddin” jurnalında dərc olunmuşdu.
Anası Fatma xanım isə uşaq bağçasının müdiri idi. Onların 4 övladı var idi. İkisi oğlan, ikisi qız. Xuraman xanım ailənin ikinci övladı olmuşdur.
Xuraman xanım 1 saylı Ordubad orta məktəbinin 5-ci sinifini bitirəndə ailəsi ilə birlikdə Bakıya köçür və 6-cı sinifi Buzovna qəsəbəsindəki 125 saylı orta məktəbdə davam etdirir. Orta məktəbi bitirib, BDU-nun filologiya fakültəsinə daxil olur. Universiteti bitirib, indiki İqtisad Universitetinin siyasi iqtisad kafedrasının kabinet müdiri vəzifəsinə təyin edilir.
1990-cı ildə Xuraman xanım ATU-nun Azərbaycan dili kafedrasına baş laborant, 1992-ci ildə isə, müəllim təyin olunur. 2000-ci ildə elmi işini müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini və diplomunu alır. Sonra isə kafedranın dosenti vəzifəsinə təyin edilir.
1979-cu ildə Xuraman xanım Rəhim müəllimlə ailə həyatı qurur. Onlar kondisioner zavodunun ailə yataqxanasında yaşamağa başlamışdılar. O yataqxanadakı bir otağını şah sarayı hesab edirdi. Ailə həyatının gənclik çağlarını bərli-bəzəkli gəlin otağında deyil, ailə yataqxanasında keçirsədə həyatından razı idi. Axı özünə layiq ürək dostu tapmışdı. Buna görə Xuraman xanım xoşbəxt idi.
Həyatda bəzi insanlar var ki, çox şanslı olurtlar, həyat yollarında yaşıl işıqlar yanır. Ancaq Xuraman xanım belə insanlardan deyildi. Çünki o həyatdakı xoşbəxtliyinə addım-addım yaxınlaşmış, bu bulağın suyundan damcı-damcı, qətrə-qətrə dadmışdır. Bəzən bir addım irəli getmək istəyəndə iki addım geriyə çəkilməli olmuşdu. Bu onun həyatında dəfələrlə olsa da, o ümidini itirməmişdi. Təki ümidlər sönməsin. Xuraman xanımın əzablı günləri isə ailə həyatı qurandan sonra başladı. 5 övlad dünyaya gətirərək onların 4-nü hələ körpə vaxtlarında itirdi. Yeganə övladı və ümidi isə Rəşad oldu. O yaşadı və Xuraman xanımı həyata bağladı.
Rəşadın bağça, məktəb, universitet, magistratura həyatı onun üçün unudulmaz günlər idi. Sonra isə əsgərlik həyatı, evə gələcəyi günləri sayması heç kəsin yadından çıxmır.
Nəhayət Rəşadın işə düzəlməsi və evlənməsi onun üçün əsas məsələlərdən biri idi. Xuraman xanımın tanıdığı qohum ailəsinin qızı ilə Rəşadı evləndirdi. Nigar gəlin gələndə Qərb Universitetinin birinci kursuna yenicə qəbul olunmuşdu. Xuraman xanım gəlinini oxutdurmağa söz vermişdi. Sözünə əməl etdi. Belə ki, 4 ildə Nigarın 1 qaibi belə olmadı. Uşağı Xuraman xanım saxlayıb gəlinini dərsə göndərdi. Nigar Universiteti bitirib, daha iki övlad dünyaya gətirdi. Xuraman xanımın övlad həsrətini gözündə qoymadı.
Rəşadın İqtisad Universitetinde kafedra müdiri, gəlini Nigarın orada ingilis dili müəllimi işləməsini söyləyib qürurlanırdı.
Hər il yayda bir ay ATU-nun Nabrandakı ailəvi istirahət mərkəzində dincəlirdi. Oranı çox sevərdi, oradakı maraqlı günlərindən söhbət açardı. Ancaq o yene narahat idi. Rəhim müəllimin Gəncədəki ata həyətində Rəşad üçün yeni ev tikdirdi, təmirini də elədi. Övladının onun ailəsinin yaydakı istirahətini düşünüb son missiyasını başa çatdırdı. Lakin o evdə bir gün belə yaşamaq ona qismət olmadı.
Belədir bizim fədakar analarımız. Bütün həyatları boyu qürur yaradırlar.
Xuraman xanım əsl müsəlman qadını kimi Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olmuşdur.
O ictimai işlərdə də fəal iştirak edirdi. Azərbaycan Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, ATU-nun Qadınlar Cəmiyyəti idarə Heyətinin üzvü olmuşdur.
Xuraman xanım 40 - dan artıq elmi məqalənin, 4 elmi-metodiki vəsaitin müəllifidir.
Alim haqqında onun əsərləri, müəllim haqqında isə onun tələbələri danışır. Xuraman xanımın tələbələri isə həmişə onu çox sevdiklərini etiraf edirdilər. Bu günkü çətin problemlərlə yüklənmiş həyatımızda müəllim-tələbə sevgisi haqqında danışmaq çox ürəkaçandır.
Xuraman xanım bud-omba sümüyünün sınığı ilə əlaqədar əməliyyata hazırlaşırdı. Zəng edənlərə əməliyyatdan sonra gəlmələrini xahiş xahiş edirdi. Kim bilərdi ki, bu onun son sözləridi. Əməliyyatdan sonra xəstəxanın reanimasiya şöbəsində bu dünyaya gözlərini əbədi yumdu.
Bir gün kafedraya edilən zəng hamımızı kədərləndirdi. Xuraman xanım dünyasını dəyişmişdir. Bu acı xəbər hamımızı qəhərləndirdi. Təkcə bu kəlimələri deyə bildik. Allah rəhmət eləsin! O bu dünyadan getsə də, onu sevənlərin xatirələrində yaşayacaqdır.
Bəli daha bir ömür kitabı bağlandı. Hələ nə qədər yazılmamış səhifələri varkən...
Arzu Mirzəyeva
ATU-nu Azərbaycan dili
kafedrasının müəllimi