Müstəqil xarici siyasət yürütməsi Azərbaycana böyük nüfuz və dəstək qazandırdı
Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirə bildi. Burada Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar.
Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.
Bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronaovirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Qoşulmama Hərəkatının Zirvə görüşündə isə dövlətimizin başçısı BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs də beynəlxalq birlik tərəfindən dəstəkləndi.
Təbii ki, düşünülmüş və konkret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Prezident İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalarda etdiyi çıxışlarda Dağlıq Qarabağ münaqişəsi əsas mövzu oldu. Bununla yanaşı, dövlətimizin başçısı müvafiq qurumların, diplomatik missiyaların qarşısında bu məsələ ilə bağlı müvafiq tapşırıqlar qoydu və əməli addımlar atıldı, beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı. Həmçinin Azərbaycan Prezidentinin səyləri nəticəsində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirmiş oldu.
Hərbi güc. Prezident İlham Əliyevin qurduğu ordu 30 il davam edən işğala 44 gündə son qoydu
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra ulu öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu idi. Bu istiqamət Prezident İlham Əliyevin də güclü dövlət konsepsiyasının tərkib hissəsi oldu. Peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı.
İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi.
Bunlarla yanaşı, Ali Baş Komandan, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi texnika ilə təmin etmək baxımında çox mühüm önəmə malik addım idi.
Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə də bu ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi.
Sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.
Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Reyhan Mirhüseyn qızı Ağayeva
ADPU-nun Kimya və Biologiya fakültəsinin dekanı,
Kimya üzrə fəlsəfə doktoru, dosent.