Azərbaycanda iş saatları nə vaxt dəyişdiriləcək?
Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.
Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.
Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?
Bizimlider "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
"Dövlət qurumları öz işini qurur"
Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: "Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq".