BİR ƏSGƏRİN HEKAYƏSİ
VÜQAR ƏSGƏROV
1992-ci ilin çiçək ətirli baharı idi. Azərbaycan ordusunun zəfər yürüşü başlamışdı. Qısa zaman kəsiyində Ağdərənin bir çox kəndləri döyüşçülərimizin əlinə keçmişdi. Fuadın xidmət etdiyi taboru da Ağdərə ərazisinə ezam etmişdilər. Onlar Çıldıran kəndinin həndəvərində döyüşürdülər. Dağlarla əhatə olunmuş kənd meşəliyin ortasında yerləşirdi. Kəndin tən ortasında böyük bir məktəb vardı. Tabor həmin məktəbdə qərar tutmuşdu.
...Gecədən xeyli keçmişdi. Kənddə sakitlik hökm sürsə də, ara-sıra çaqqalların ulartısı eşidilirdi. Bu, çaşdırıcı da ola bilərdi. Adətən, düşmən tərəf kəşfiyyata gələndə “çaqqallaşır”, yəni heyvan səslərindən “parol” kimi istifadə edirdi. Döyüşçülərin bir hissəsi yaxınlıqdakı yüksəkliyi qoruyur, bir hissəsi isə vaxt öldürürdü. Həmin gün Fuad nə qədər çalışdısa gözlərinə yuxu getmədi. Elə hey yatmaq istəyirdi ki, doğulduğu kənd, keçirdiyi xoşbəxt günlər gəlib dururdu gözlərinin önündə. Talan olub yandırılmış evlərin tüstü dumanı içində çırtıltı ilə yandığı anları düşünəndə az qalırdı ki, havalansın. Həddi-buluğa çatanda həmyerliləri kimi o da yurd-yuvasından didərgin salınmışdı.
“Dağ döşünə səpələnmiş çiçək topasını xatırladan bu mənzərəli kənd, yüksəkliklər, dərin dərələr, buz bulaqlar necə də bizim yerlərə oxşayır”- deyə Fuad dodaqaltı mızıldandı. Hamı mürgü vururdu, ona görə də dodaqaltı pıçıltılardan kimsə xəbər tuta bilmədi. Yerin içində fırlana- fırlana qaldı. O qədər narahat idi ki, sanki bu dəqiqə ürəyi partlayacaqdı. Yata bilməyəcəyini yəqinləşdirəndən sonra qalxıb bayıra çıxdı. Dərindən nəfəs alıb, gözünü ulduzlara zillədi, xəyal qanadlarında hansı səmtə yönəldiyindən heç özünün də xəbəri olmadı. Bir anlıq sinif yoldaşları Əli, Camal, Şamo gözləri önündən keçdi, “yəqin onlar da hansısa hərbi hissədə Vətənin keşiyini çəkirlər” - düşündü.
Qəflətən xışıltı eşitdi, qulaqlarını şəkləyib getdikcə yaxınlaşan səsi dinşədi. Gələn dostları idi. Gecə növbəsindən qayıdırdılar.
- Rzayev, gecənin bu vaxtı burada nə edirsən? Biz yatmağa yer axtarırıq, sən isə bu fürsəti əldən verirsən – Çantayev dilləndi.
- Yatmaq istəyirdim, amma yata bilmədim. Çıxdım bayıra ki, bir az hava alım. Daha sözünün dalını gətirə bilmədi.
Elə bil Fuadın ürəyinə nəsə dammışdı. Onun ürəyi uzaq məsafəni uçmuş yorğun bir quşun ürəyi kimi möhkəm çırpınırdı. Sanki bu saat yerindən çıxacaqdı.
- Rzayev, sənə nə olub, niyə belə həyəcanlısan? Narahat olma, kənddə nisbi sakitlikdi. Çantayev sözünü bitirib içəri keçdi. O biri əsgərlər də onun arxasınca binaya girdilər. Fuad yenə də üzünü səmaya tutaraq göydəki ulduzlarla təkbətək qaldı.
...Dan yeri təzəcə ağarırdı ki, ratsiyada komandirin səsi eşidildi. Kiminləsə qışqıra-qışqıra danışırdı. Fuad cəld yerindən qalxıb içəri girdi. Komandir onu görcək:
- Rzayev, dayanma, cəld həyəcan siqnalı ver, əsgərlər döyüş hazırlığı vəziyyətinə gəlsin. Ermənilər böyük qüvvə ilə yüksəkliklərə hücuma keçiblər. Fuad əmri alan kimi kazarmaya daxil oldu. Bir neçə dəqiqədən sonra əsgərlər tam döyüşə hazır vəziyyətdə komandirin əmrini gözləyirdi.
Yüksəkliyə qalxmaq xeyli vaxt aparacaqdı. Ancaq gecikmək olmazdı, çünki mövqe düşmənin əlinə keçə bilərdi. Bunun üçün əsgərlərin bir hissəsi iki PDM və bir tankla yarı yola qədər məsafəni sürətlə qət etdilər.
Əsgərlər yüksəkliyə çatanda ölüm-dirim mübarizəsi gedirdi. Sayca üstün olan düşmən qüvvələri döyüşçülərimizi mühasirəyə almağa çalışırdılar. Fuad sürünə-sürünə özünü səngərə atdı. Qumbaraatanı tuşlayıb öndə gələn tankı nişan aldı. Mərmi hədəfə dəydi. Tank alova büründü, bir neçə dəfə yerində fırlanıb dayandı. Bunu görən digər tanklar istiqamətini dəyişməyə məcbur oldu. Qaranlıq meşədən əsər-əlamət belə qalmamışdı. Atılan mərmilər partladıqca ətrafa işıq saçır, avtomatın, pulemyotun qaqqıltısından qulaq tutulurdu. Döyüş bir saata qədər davam etdi. Ətraf cəsədlərlə dolu idi. Yüksəkliyi geri qaytara bilməyəcəyini hiss edən düşmən itki verərək geri çəkilməyə məcbur oldu. Lakin bizim də itkilərimiz az deyildi. Bu döyüşdə 2 erməni əsgəri əsir alınmışdı. Komandir yaralıları təcili səhra hospitallarına çatdırmaq üçün göstəriş verdi. Əsirləri isə briqadaya təhvil vermək missiyası Fuada həvalə edildi:
– Rzayev, bilirəm yorğunsan, amma bu “şərəfsizləri” qətiyyən burada saxlamaq olmaz. Bizə onların məqsədlərini, planlarını bilmək hava-su kimi lazımdır. Bunun üçün onları briqadaya çatdırmalıyıq ki, sorğu-sual etsinlər. Bu işi isə hazırkı məqamda səndən başqasına ehtibar edə bilmərəm.
Fuad əsirləri “Ural” maşınına mindirib yola düşdü. Briqadanın qərargahı Ağdərədə yerləşirdi. Çıldırandan Ağdərəyə təxminən 30-35 kilometr məsafə vardı. “Ural” dağların qoynunda qıvrıla-qıvrıla uzanan yollarla irəliləyirdi. Əsirlər alçaq başlarını aşağı dikib elə hey sususrdu. Bir az getmişdik ki, sükutu pozan əsir Azərbaycan türkcəsində dilləndi:
- Ara, vallah bizlik bir iş yoxdu. Buraları heç fərli tanımırıq da... Biz müharibə istəmirik. Zorla bura gətiriblər bizi, - deyə yalvarmağa başladı. Onun Azərbaycan türkcəsində belə səlis danışması Fuadı təəccübləndirdi. Diqqətlə üzünə baxıb: - Yaxşı, sən bizim dili haradan bilirsən? dedi.
- Atam azərbaycanlıdı. Adı da Köçəridi. Atamgil dörd qardaş olub. Amma indi atamın onlarla əlaqəsi yoxdur. Biz Yerevanda yaşayırıq.
“Adı da Köçəridi”. Bu söz sanki bir ox olub Fuadın ürəyinə sancıldı. O, elə bil ki, yuxudan ayıldı. Əsəbi halda dilləndi: “Şərəfsiz, sənin atan azərbaycanlıdırsa, burada nə gəzirsən?! Səsini bir də eşitsəm, səni özüm güllələyəcəm!”
Əsirin səsi daha çıxmadı. Lakin Fuad ürəyində nə haqdasa düşünürdü. O, atasından öyrənmişdi ki, əmisinin biri o zaman erməni ilə ailə qurduğuna görə babası Savalan kişi onu evindən qovmuş, hətta onu oğulluqdan silmişdi. Ermənin danışdıqları eynilə atasının dedikləri ilə üst-üstə düşürdü. Belə çıxır ki, bu mənim əmim oğludur? –öz-özünə düşündü.
...Fuad qarışıq fikirlərin məngənəsində boğulmaqda ikən maşın qərargaha çatdı. Əsirləri təhvil verib geri dönən Fuad – Ay dığa, bəs adın nədir? Əsir cəld dilləndi: - Suren Karapetyan, amma o vaxt atam öz atasının adını qoymuşdu mənə - Savalan... Hadisələr başlayanda anam adımı Surenə dəyişdirdi.
Fuad daha heç nə deməyib geri döndü. Bu haqda heç kimə bir kəlmə də olsun danışmadı. O, tabora çatanda artıq qaranlıq düşmüşdü. Ərazidə ara-sıra güllə səsləri eşidilsə də, nisbi sakitlik hökm sürürdü.
...Bu hadisənin üzərindən 3 ay vaxt keçməsinə baxmayaraq Fuadın içindəki şübhələr onu didib-parçalayırdı. O, yenə də briqadaya gəlmişdi. Birdən yadına düşdü ki, gəlmişkən təhvil verdiyi əsirlərin taleyi ilə də maraqlansın. Sən demə, həmin gün onlar geri dönəndə, erməni artilleriyası qərargaha bir neçə mərmi atıbmış. Mərmilərdən biri də ermənilərin saxlanıldığı quyunun yaxınlığına düşdüyündən onların hər ikisi yerindəcə ölübmüş. Bu hadisə, xüsusilə keçirdiyi əsəb sarsıntısı səbəbindən o zaman ermənidən daha dəqiq məlumatlar ala bilməməsi Fuada daxilən təsir etmiş olsa da, özünə, nəslinə utanc gətirəcəyi səbəbindən o, bunu kimə söyləyə bilmədi. İllər ötdü, ölkədə atəşkəs elan olunanda döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş Fuad ordudan evə qayıtdı. Əlil kimi... Döyüşlərdən söz düşəndə isə həmişə o hadisə gəlib dururdu gözlərinin önündə...
Günlərin birində Fuad döyüş yoldaşı Nazimlə Gürcüstana səfər etmişdi. Onlar Tiflisin görməli yerlərini, tarixi abidələrini bir xeyli gəzib-dolaşdılar. Birdən Nazim dilləndi:
– Qağa, yaman acmışam, bəlkə gedib bir tikə çörək yeyək? Fuad elə bil bu sözə bənd imiş kimi:
– Gedək qardaş, yaxınlıqda yaxşı restoran tanıyıram - dostunun sözünə dəstək verdi.
Restoranda özlərinə münasib bir yer tapıb oturdular. Burada gürcülərlə yanaşı digər millətlərin də nümayəndələri vardı. Hərə öz dilində danışır, dərdləşir, deyib-gülür, istirahət edirdilər. Fuadla Nazim də keçdikləri döyüş yollarını xatırlayır, hərdən bir-biri ilə zarafatlaşırdılar. Fuad birdən ciddi görkəm alaraq üzünü Nazimə tutub dilləndi:
- Qardaş neçə illərdi bir söz ürəyimi parçalayır. Hey istəmişəm ki, kiminləsə bölüşüm, amma nədənsə ürək eləməmişəm. Nazim Fuadın sözünü ağzında qoydu:
– Biz ki, bir-birimizə qardaş demişik. Çətin günlərimizi bir yerdə keçirmişik. Bir-birimizə arxa-dayaq olmuşuq. Bunları nə tez unutdun? Mənə də danışa bilməzsən?! - deyə dostunu qınadı.
Fuad fikrə getdi… nə düşündüsə qəflətən dilləndi:
- Yadındadırmı, Çıldıran yüksəkliyindəki döyüşlərdə 2 ermənini əsir götürməyimiz? Onu axı mən aparıb qərargaha təhvil verdim. Bax, onlar barədə danışmaq istəyirəm.
Qonşu masada bir qadınla bir kişi əyləşmişdi. Kişi qadınla danışsa da, qulağı Fuadlagildə idi. Nazim sakit-sakit əllərini çənəsinə dayayıb, Fuada diqqətlə qulaq asırdı. Fuadsa bir qədər əsəbi, bir qədər insani hisslərdən doğan narahatçılıqla başına gələnləri dostuna danışırdı:
– Qardaş, o dığanın biri Azərbaycan dilində təmiz danışırdı. Yolda söylədi ki, atası azərbaycanlıdı, İrəvanda yaşayırlar. Dediyinə görə atasının adı Köçəri olub. Özünün adı isə o zamanlar Savalan imiş, hadisələr başlayanda adını dəyişib Suren qoyublar. Axı mənim babamın da adı Savalan olub...
Qonşu masada əyləşən kişi bunu eşitcək bir anlıq fikrə getdi. Elə bu vaxt yanındakı qadın harasa durub çıxdı. Kişi sanki fürsət gözləyirmiş kimi cəld yerindən qalxıb Fuadgilin masasına yaxınlaşdı.
- Bakıdan gəlmisiniz?
Kişi Azərbaycan dilində danışsa da hiss olunurdu ki, bir az çətinlik çəkir.
-Bəli, Fuad dilləndi. Sizə nə lazımdı?
- Sizin danışığınıza bayaqdan qulaq asırdım, mənə çox maraqlı gəldi.
- Siz başqasının sözünə niyə qulaq asırsınız, bu ədəbsizlikdi - deyə Nazim kişinin üstünə qışqırdı.
- Yox, yox, məni səhv başa düşməyin, bir-iki sual verib gedirəm.
Fuad Nazimin qolundan tutub sakitləşdirməyə çalışdı.
- Buyurun, sizi eşidirəm - Fuad kişinin üzünə baxdı.
-Mənim oğlum da Qarabağ savaşında iştirak edib. Bu günə kimi onun nə ölüsündən, nə də dirisindən xəbərim yoxdur. Bayaq danışdığınız o uşağın əlamətlərini mənim oğluma oxşatdım. Onun üçün sizin masaya yaxınlaşdım. Mən azərbaycanlıyam, yanımda əyləşən o qadın isə arvadımdır. O zaman mən bu erməni qızı ilə ailə quranda, atam məni evdən qovdu. Sonra da araya müharibə düşdü. O zamandan bütün qohumlarımla əlaqələrim kəsilib.
Fuad onu diqqətlə dinlədi. Artıq dəqiq bilirdi ki, qarşısında dayanan bu kişi doğmaca əmisidir. Fuad ha çalışdı ona “əmi” deyə müraciət etsin, ancaq bu sözü deməyə dili gəlmədi. Qəhər onu boğdu. Heç bir söz demədən yerindən qalxıb restoranı tərk etdi.
Çağırılmamış qonaq hələ də Fuadın dalınca baxırdı…