Cahangir Hacıyevin vəziyyəti pisləşdi: - Vəkilindən müraciət
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin səhhətinin pisləşməsi ilə əlaqədar onun cəzasının yüngülləşdirilməsi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, vəkil müraciətdə qeyd edir ki, Hacıyev uzun müddətdir "Haşimoto sindromu" xəstəliyindən əziyyət çəkir. 2015-ci ildə həbs edilənə qədər o, bu xəstəliklə əlaqədar həkim nəzarəti altında daimi ambulator şəraitdə müalicə alırdı. Həbs edildikdən sonra Hacıyev müalicədən məhrum olub. Xəstəliklə əlaqədar yalnız evdən aldığı dərman vasitələrindən istifadə edir, lakin xəstəlik xroniki xarakterli olduğundan müalicəsi mümkün deyil.
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi Hacıyev tam izolyasiyasına səbəb olub. Digər tərəfdən, Hacıyevin istifadə etdiyi dərman vasitələrinin artması mövcud xəstəliyi daha da kəskinləşdirib, həmçinin ürək çatışmazlığı əlamətləri yaradıb.
"C.Hacıyevin xəstəliyinin ağır fəsadlar törətməsi reallığı məni də müdafiəçi kimi narahat etdiyindən Sizə müraciət edərək onun cəzasının yüngülləşdirlməsini xahiş edirəm", deyə vəkil Mehdiyevin Azərbaycan prezidenti İlham Əliyevə müraciətində qeyd edilir.
Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O və daha 7 nəfər sui-istifadədə, böyük ziyan vurmaqla fırıldaqçılıqda, mənimsəmə və israfda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət verməkdə təqsirli bilinib.
2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı yeni iş çərçivəsində böyük məbləğdə pulu mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırma, vergi ödənişindən yayınma və digər maddələrlə ittihamlar irəli sürüldüyünü bildirib.
O, ümumilikdə 3,4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alqı-satqısı haqqında sazişlər bağlamaqda ittiham olunub. Hacıyev ittihamı təkzib edib.
2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin cəzasına il yarım həbs cəzası əlavə edib.
Amma 2020-ci ilin fevralında Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə CM-in 179.3-cü (böyük ölçüdə mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cəzanın yüngülləşdirilməsi ilə əlaqədar cəzanı 3 ay azaldıb.