Bu, sondurmu?! Xeyr... - proses hələ davam edir
Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi son müsahibəsində ölkə iqtisadiyyatı və sosial siyasətlə bağlı bir sıra məqamlara toxunub. Bildirib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərib.
İlin iki ayında müsbət göstəricilər əldə olunsa da, sonradan pandemiyanın təsiri ilə zərər meydana gəlib: “Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib. Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq”.
Prezident böhrana baxmayaraq, aqrar sahədə inkişaf dinamikasının davam etməsini xüsusi vurğulayıb. Bildirib ki, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində ölkənin valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb: “Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Dövlət başçısı Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə sahəsində görülən işlərdən də danışıb, bu ilin əvvəlindən rəsmi uçota alınan əmək müqavilələrinin sayının 100 mindən yuxarı olduğunu qeyd edib: “Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar eyni zamanda büdcə gəlirlərində də özünü göstərdi. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir”.
İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, koronavirus pandemiyası iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq, içdən zərər vurdu və vurmaqda da davam edir: “1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə böhran yaşamışdıq, lakin bunların heç biri ölkəmizin iqtisadiyyatı üçün bu cür şok təsir bağışlamamışdı. Proses hələ davam edir və nə vaxt tam bitəcəyi də bəlli deyil. Ancaq bu dəfə biz daha yaxşı və güclü müqavimət göstərdik, göstərməkdə də davam edirik. Belə ki, böhran dövlətin və hökumətin qarşısında birdən-birə sayca iki olduqca mühüm və vacib məsələni həll etmək vəzifəsi qoydu ki, hökumət isə bunun müqabilində ”başını itirmədi". Bu vəzifələr hansılar idi? Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək xaos və ciddi tənəzzüldən sığortalamaq. Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar isə xarici dairələrin də diqqətindən yayınmayaraq, müsbət qiymətləndirilir. Hazırda hər iki vəzifənin icrası sinxron həyata keçirilməklə bu siyasət davam etdirilməkdədir. Hələlik rəsmi məlumata əsasən 2020-ci il dövlət büdcəsinin xərclərində koronavirus pandemiyası ilə bağlı nəzərdə tutulan vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 milyon 257 min manat ayrılaraq maliyyələşmə həyata keçirilib ki, bunun strukturu da geniş şəkildə açıqlanıb. Bu, sondurmu?! Xeyr... Təkrar edirəm: proses hələ davam edir və tam olaraq hələ nə vaxt bitəcək bəlli deyil".
Ekspert xatırladır ki, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsait ayrılıb: “Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait sərf olunub. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) 229 milyon manat vəsaitin köçürülməsi artıq başa çatdırılıb, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə də 15 milyon manat vəsait ayrılıb. İyun ayı üçün də bu proses davam etdirilib”.
P.Heydərovun fikrincə, hazırda neftin qiymətlərinin 40 ABŞ dolları civarında olması faktından çox, turist axınının dayanması, paralel olaraq idxalın aşağı düşməsi və alış-verişin enməsi və sairlə əlaqədar olaraq, yaranan vəziyyət ölkəmizin real iqtisadi durumu üçün daha ciddi təhdidlər törədir: “Neftin qiymətinin enməsi faktorunun ölkə iqtisadiyyatına 2015-2016-cı illərdəki qədər təsir etmək gücü isə əslində yoxdur. Yəni gəlirlərimiz yenə də əsasən neftdən asılı olsa da, bu asılılıq 4-5 il bundan əvvəlki qədər deyil. Əvvəla, neftin dünya bazar qiymətlərinin birbaşa dövlət büdcəsinə heç bir təsir imkanı yoxdur. İkincisi də neft faktorunun büdcəmizdə rolu 2015-2016-cı illərlə müqasiyədə nisbətən enmiş vəziyyətdədir. Başqa sözlə, qeyri-neft sektorunun gəlirləri artıb. Üçüncüsü isə keçən ildən etibarən, ölkədə vergi siyasəti və mexanizmi dəyişib. Bunun nəticəsində neft-qaz sektorundan kənar dövlət büdcəsinə çatacaq vəsaitlərin toplanması və yığım həcmində əhəmiyyətli dərəcədə artım əldə olunub. Belə ki, 2019-cu il ərzində vergi və gömrük xidməti orqanları tərəfindən nəzərdə tutulduğundan əlavə olaraq, 1 milyard manatdan artıq vəsait cəlb olunub. Dövlət başçımız da qeyd edib ki, bu, sosial sahədə həyata keçirilən islahatlar, yəni artımlar üçün əlavə imkanlar yaradıb. Ona görə də kölgə iqtisadiyyatına qarşı tədbirlər davam etdiriləcək”.
Müsahibimiz qeyd edir ki, keçən il başlayandan məhz kölgə iqtisadiyyatına qarşı start götürən inqilabi addımların sayəsində sosial sahədə məlum qərarlar vermək mümkün oldu: “Bunu mütləq nəzərə almaq lazımdır. Belə ki, məsələn, minimum əmək haqqı yaşayış minimumu səviyyəsinə yalnız keçən il çatdırıldı. Halbuki dövlət gəlirlərimiz 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi. Buna baxmayaraq, sözügedən bərabərləşməni yalnız 2019-cu ildə əldə edə bildik. Niyə və nəyin hesabına? Sözsüz ki, bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində... Demək istədiyim budur ki, sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökündə məhz kölgə iqtisadiyyatı dayanır, dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir-yeritsin, effektlilik səviyyəsinin bir hissəsi bu amil tərəfindən mənimsənilir. Bu, çox ciddi problemdir. Ümumiyyətlə, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, ”kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına gətirib çıxardır. 2019-cu ildə vergi və gömrük orqanlarının xətti ilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil oldu. Bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı. Bax, həmin 1 milyard manat əlavə vəsaitin əldə olunmasında 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər vacib rol oynadı. Bu nəyi göstərir? Demək, daxildə böyük potensial var, sadəcə, bunu aşkarlamaq lazımdır. Bu, koronavirusla bağlı hökumətin dəstək paketini maliyyələşdirməyə çox böyük köməkdir. Yeri gəlmişkən, cari ilin dövlət büdcəmizin həcmi Azərbaycanın müstəqillik tarixində ən böyükdür. Ancaq bunu keçən ilin axırında bu cür qürurla bəyan etdiyimiz vaxt heç ağlımıza da gətirə bilməzdik ki, başımıza belə işlər gələcək. Sözün qısası, şəffaflığın tam təmin olunması istiqamətində islahatları davam etdirmək olduqca zəruridir və bu, getdikcə daha çox bir nömrəli prioritet təşkil edir. Məhz bunun hesabına iqtisadi-maliyyə vəziyyətini sabit saxlamaq mümkündür".
“Yeni Müsavat”