Siyavuş Novruzov xaricdəki soydaşlarımıza səsləndi: - “Hər kəs bu prosesə qoşulmalıdır”
Son günlər ölkəmizdə çoxlu sayda vətəndaşın, şirkət və müəssisənin, dövlət qurumunun Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif məbləğdə vəsaitlər köçürdüyü məlumdur. Proseslər göstərir ki, bu gün hər bir azərbaycanlı orduya dəstək verməyi özünə mənəvi borc hesab edir.
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov, xaricdəki soydaşlarımızı da bu prosesdə yaxından iştirak etməyə səsləyib:
“Məlum olduğu kimi, bizim müxtəlif ölkələrdə yaşayan imkanlı soydaşlarımız var. Bu gün elə bir məqamdır ki, onlar da bu prosesə qoşulmalı, orduya dəstək işində yaxından iştirak etməlidirlər. Xüsusilə də, Rusiayda, Ukraynada, post-sovet məkanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlarımız var ki, onların kifayət qədər maddi vəsaiti var. Kimin gücü nəyə çatırsa, bu addımı atmalı, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etməklə, Azərbaycan ordusuna öz dəstəklərini göstərməlidir. Əminəm ki, daxildəki vətəndaşlarımız kimi, ölkə xaricindəki soydaşlarımız da proseslərdə yaxından iştirak edəcək, Azərbvaycan ordusunun qələbələrinə öz töhfələrini verəcəkdir.
Düşmən bilməlidir ki, hər bir azərbaycanlı ordusunun, dövlətinin yanındadır və son qələbəyə qədər öz mübarizəsini davam etdirəcək”.