Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
Yunanıstan Ermənistana S-300 və bu ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən Rusiya istehsalı olan daha iki silahı təhvil vermək və onları İsrail istehsalı sistemləri ilə əvəz etmək niyyətindədir.
Bu barədə Yunanıstanın "enikos.gr" portalı iddia edir.
Mənbənin sözlərinə görə, Yunanıstan Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya silah sistemlərini öz arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etmək əzmindədir.
“Yunanıstanın Milli Müdafiə Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmək üçün qabaqcıl mərhələdədir”, - portal yazır.
Nəşrin qeyd etdiyi kimi, “əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah daha az sərfəli olmayan başqa alternativləri nəzərdən keçirir”.