bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan Qərbin geosiyasi girovuna çevrilir?

27-01-2025, 11:30 0 dəfə baxılıb

 Donald Trampın imzaladığı ilk fərmanlardan biri digər dövlətlərə edilən maliyyə yardımının dayandırılması oldu. Vaşinqtonun pulqabısı hələlik üç ay ərzində bağlı olacaq, ancaq müddətin uzadılma ehtimalı böyükdür. Bir müdrik deyimə görə, insanın bir ağzı bağlı olsa, yaxşıdır, bir də pul kisəsi. Yaxın 90 gün ərzində ABŞ-nin yeni administrasiyası edilən maliyyə yardımlarının nə qədər əsaslı olduğunu araşdırmaqla yanaşı, tətbiq olunan moratorium ərzində audit nəticələrinin ictimailəşməməsinə də çalışacaq.

Bu günə məlum olanlar isə bunlardır: Ukraynanın silahlanmasına yönələn xərclər xaric dünyanın istənilən ölkəsinə edilən maddi dəstək dayandırılır. Söhbət vergi ödəyiciləri hesabına göndərilən pullarla yanaşı, ABŞ hökumətinə bağlı olan ən iri agentlik - USAID xətti ilə icra edilən proqramlardan da gedir.

ABŞ-nin xarici yardımları, adətən, dövlət büdcəsinin bir faizini keçməməlidir. Odur ki, Vaşinqtonun maliyyə dəstəyi iqtisadi əhəmiyyətli addımdan çox, siyasi simpatiyanın təzahürüdür. Yeni administrasiyanın "kəmərləri sıx bağlamaq" kursu fonunda İrəvanda Qərbə doğru edilən reveransların aqibəti dumanlı görünür. Trampın Kapitoliyə çıxışına cəmi bir həftə qalmış imzalanan strateji münasibətlərə dair kəmfürsət xartiya həyata vəsiqə qazana biləcək, yoxsa "ölü doğulmuş"ların siyahısında növbətisi olacaq?

Demokratların hakimiyyətdən getmədən öncə Ermənistanla imzaladıqları strateji müttəfiqlik sazişinin əsası ötən ilin sentyabrında qoyulub. Beynəlxalq inkişaf agentliyi - USAID-lə Ermənistan hökuməti arasında yardımlaşma paketinin iki dəfədən çox artırılmasına dair razılaşma Vaşinqtonla İrəvanın münasibətlərini strateji səviyyəyə qaldırıb. Bayden administrasiyasının bu razılaşma ilə Ermənistana 120 milyondan 250 milyona yüksələn maliyyə dəstəyi standart istiqamətlərlə yanaşı, kibertəhlükəsizlik və sərhədlərin qorunmasının təkmilləşdirilməsi kimi sahələrə də toxunur. Ermənistan sərhədlərinin mühafizəsi Vaşinqtonun demokratlar administrasiyası üçün həm də ayrıca mövzu idi. USAID-in ermənipərəstliyi ilə tanınan rəhbəri Samanta Pauer bu məqama məxsusi dəyər verirdi . İndi vaxtilə Paşinyanın müşaviri olmuş Arsen Xaratyanın ABŞ-nin Ermənistanda İrana qarşı kəşfiyyat məlumatlarını toplamasını bəyan etməsi "sərhədlərin mühafizəsi" deyilərkən nələrin nəzərdə tutulduğunun üzərindən pərdəni götürmüş olur. Paşinyanın yanında işləmiş bir şəxsin İranla sərhəddə ABŞ-nin "insan ticarəti ilə mübarizə üçün müasir vasitələrinin yerləşdirilməsi"nə dair açıqlaması çox mətləblərdən xəbər verir.

Trampın anons etdiyi xarici siyasət hədəflərini hesaba alsaq, Paşinyanın yenicə pöhrələmiş ümidlərinin suya düşdüyünü ehtimal etmək olar. Ağ Evin yeni sahibi üçün xarici siyasət prioritetləri o istiqamətlərdə fəal olmalıdır ki, xərc deyil, qazancla müşayiət olunsun - neftli Venesuela və Kanadadan tutmuş, dünyanın ən iri ticarət arteriyası olan Panama kanalı və faydalı qazıntılarla bol Arktikayadək. Ermənilərin ümumxalq portfoliosunda ən azı bir dəfə də olsa belə, kiməsə çörək vermələrinə dair hər hansı tarixi fakt yoxdur. Pulu qazanmaq kimi xərcləməyi də bacaran ABŞ-nin yeni prezidenti Ermənistana edilən yardımın birtərəfli məhəbbətə bənzədiyini yaxşı anlayır. Görünür, bunu İrəvanda da başa düşürlər, yoxsa Xarici Kəşfiyyat Xidmətinin xətti ilə yayılan hesabatda qarşıdakı il ərzində Moskvanın orbitindən uzaq düşməmək kimi üstüörtülü tövsiyə yer almazdı.

Paşinyan Ermənistanının Qərblə inteqrasiya planlarının digər istiqaməti Avropa İttifaqı məkanı ilə kooperasiyadır. Bunun üçün ilkin addım atılıb - üzvlük prosesinin başlanması qanunverici orqan müstəvisinə çıxarılıb. Parlamentin profil komissiyası Aİ-yə üzvlüyə dair qanunverici təşəbbüsün deputatların müzakirəsinə ötürülməsinə dəstək verib. Fevralın 11-də başlayacaq müzakirələrin ayın 14-də - Sevgililər günündə simvolik məntiqinə varacağı mümkün ssenarilərdəndir.

Sirr deyil ki, Ermənistanın Qərbə doğru "U" dönüşü ABŞ-nin sponsorluğu olmadan reallığa çevrilə bilməzdi. Nə Avropa, nə də bu təşəbbüsün başlıca hamisi olan Fransa o haldadırlar ki, iş-güclərini atıb Ermənistanla məşğul olsunlar. Bayden dövründə bu, mümkün idi ki, nəticəsi də özünü ötən ilin 5 aprelində Brüsseldə Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında İrəvan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasında göstərdi. İndi Trampın ABŞ-nin prioritetlərini dəyişməsi fonunda gələcəyi qaranlıq görünən daha bir izdivac Qərbin Ermənistanla həmin Brüssel anlaşmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031