Koreyalı ilə evlənən azərbaycanlı: "İlk dəfə toya gedəndə dedi ki, bəzənmə"
"İlk dəfə Koreyada toya gedəndə İnkyu dedi ki, bəzənmə. Mən isə onu dinləməyib bəzənib düzəndim, ən gözəl geyimimi geyinib getdim. Toyda şoka düşmüşdüm. Çünki qızlar cins şalvar və sadə köynəkdə gəlmişdilər. İşıq kimi parladığım üçün hamı mənə qəribə baxırdı".
Bizimlider xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinin "Ailə" rubrikasına müsahibəsi zamanı azərbaycanlı Zeynəb Camalova deyib.
Belə ki, o koreyalı Eo İnkyu ilə evlidir.
Kim inanar ki, sən Cənubi Koreyaya köçmək üçün dillərini öyrənirsən. Lakin həmin ölkənin vətəndaşı səni elə öz ölkəndə tapır. Üstəlik, ikiniz də bir-birinizin dilini bilmirsiniz. Amma necə olursa, çox gözəl anlaşırsınız. Bəlkə də qəlblər ta əzəldən bir-birinin parçası olduğunu hiss edib. Ona görə də hər ikisi bir-birini tapmaq üçün addım atıbmış. Bu hekayənin qəhrəmanları azərbaycanlı Zeynəb Camalova və koreyalı Eo İnkyudur.
Ölkəmizi tanımaq üçün gəldi, kürəkənimiz oldu
Zeynəbin dediyinə görə, cütlüyün tanışlığına müəllimləri vəsilə olub: "Mən Koreya dilini öyrənmək üçün kursa gedirdim. O zaman İnkyu da Bakıya yeni gəlmişdi və Azərbaycan dilini öyrənmək istəyirdi. Atası Azərbaycanda çalışırdı. Yoldaşım da həmin dövrdə Azərbaycana turizm üzrə oxumaq üçün gəlmişdi. Müəlliməm bildirdi ki, Azərbaycana Koreya vətəndaşı gəlib. Ona şəhəri tanıtmaq və Azərbaycan dili ilə bağlı praktik kömək etmək lazımdır. Şəklini göstərdikdə əvvəlcə etiraz etdim, dedim vaxtım yoxdur. Müəllimimin təkidi ilə razılaşdım, görüşdük. İnkyunun məndən elə ilk görüşümüzdə xoşu gəlib. İlk görüşdən bəyənməsəm də, sonradan mənə qarşı olan diqqəti, nəvazişi ona qarşı sevgimin yaranmasına səbəb oldu".
İnkyu da deyir ki, ilk görüş çox maraqlı olub: "Bir saatdan çox onu gözləmişdim. Hətta narahat oldum ki, görəsən gələcəkmi? Gələndə gördüm çox sakit, mehriban qızdır. Tərcümə proqramı ilə fikirlərini izah edirdi. Amma bizim qəlblərimiz danışırdı. Birlikdə oyunlar oynadıq".