Daha bir nazir koronavirusa yoluxdu - Özü açıqladı
İngiltərənin Səhiyyə Nazirliyinin nəzdindəki Xəstələrin təhlükəsizliyindən məsul nazir Nadine Dorriesdə yeni tip koronavirus aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə yazılı açıqlama ilə nazir özü məlumat yayıb.
"Koronavirus analizinin pozitiv çıxdığını təsdiq edə bilərəm. Özümü evdə ətrafdan təcrid etmişəm. Bütün tövsiyələrə əməl edirəm”, - nazir deyib.
62 yaşlı Dorries İngiltərə Xalq Sağlamlığı Qurumunun ona yaxından nəzarət etdiyini vurğulayıb.
Qeyd edək ki, Dorries son günlərdə Baş naziri Boris Consonun da qatıldığı qəbulda iştirak edib. Ötən həftə parlamentdə yüzlərlə parlamentari ilə bir araya gəlib.
İngiltərə Xalq Sağlamlığı Qurumu ölkədəki yoluxma sayının 382-yə, dünyasını dəyişənlərin sayının 6-ya çıxdığını açıqlayıb.
Xatırladaq ki, koronavirusun sürətlə yayıldığı İranda bir çox millət vəkili, nazir və yüksək rütbəli şəxslər epidemiyaya yoluxub.