Markov: Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir
Azərbaycanın Qarabağ zonasında gərginliyin ciddi artmasının əsas səbəbi Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir.
BizimLider.com APA-ya istinadən xəbəri Moskva müxbirinə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, avqustun 3-də baş verən insidentin ən başlıca səbəbi Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinin demilitarizasiyasının aparılmamasıdır: “Orada hələ də qanunsuz olaraq erməni silahlı birləşmələri qalır, hansı ki, hazırda onlar orada döyüşür. Bundan başqa, hələ də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunmaması da regionda gərginlik yaradır. Digər mühüm məqam isə Zəngəzur dəhlizinin reallaşmamasıdır. Azərbaycan tərəfi bu dəhlizin öz ərazisindən keçən hissəsini reallaşdırır. Bu şərtlərdə potensial münaqişə üçün şərait yaranıb”.
Rusiyalı siyasi ekspert rəsmi İrəvanın 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməsinin hərbi münaqişənin daha da genişlənməsinə səbəb olacağını vurğulayıb: “Əgər Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsə, hərbi münaqişə davam edəcək, hətta genişlənəcək. Bu şərtlərdə Azərbaycanın təkbaşına Qarabağı, eləcə də Laçın rayonunu demilitirizasiya qərarı hər kəs tərəfindən, həm Azərbaycan əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Rusiya sülhməramlı qüvvələrinin güc yolu ilə demilitarizasiyanı həyata keçirməsi üçün təəssüf ki, tam mandatı yoxdur. Rusiya ancaq Ermənistanı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə yola gətirə və çağıra bilər”.