Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib
12 sentyabr tarixində, uzun müddət davam edən müzakirələr və yubanmalardan sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdamdan Xankəndiyə keçidi təmin edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqdə bildirilib.
Qeyd edilib ki, bunun aylardır müzakirə olunan eyni zamanda keçidlərin həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı.
10 sentyabr tarixində, ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı Azərbaycan tərəfi Laçından keçid zamanı Azərbaycan Respublikasının milli sərhəd və gömrük nəzarət tələblərinin yerinə yetirilməsi ilə BQXK tərəfindən Laçın və Ağdamdan eyni zamanda keçid variantında sadiq olduğunu bir daha bildirib.
“11 sentyabr tarixində, BQXK tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra, Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq, BQXK Azərbaycan tərəfinə bildirib ki, erməni tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur”, - brifinqdə vurğulanıb.