bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tarix yazan şəxsiyyət

Dün, 22:00 10 dəfə baxılıb

Azərbaycanın müasir tarixi Ümummilli Lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

 

Müstəqil Azərbaycanın memarı

 

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi kimi, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər həqiqi faciələr olaraq tariximizə həkk olunub.

Bu günlərdə nə qədər qəribə səslənsə də, təxminən 30 il bundan əvvəl yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı xilas etmək zərurəti yaranmışdı. Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu.

Müasir tariximizə Heydər Əliyevin möhtəşəm qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər uğurlarla müşayiət olunmuşdur. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə, ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə, hakimiyyət böhranına son qoyuldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsinə çevrildi. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividendlər gətirdi.

Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu, inkişafa və tərəqqiyə xidmət edən islahatlar həyata keçirilməyə başladı. Ölkənin iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat və azad insan kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə sözün həqiqi mənasında ən müasir dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir.

Məhz elə buna görə Azərbaycan Respublikası Heydər Əliyevdən sonra da böyük inkişaf və təkmilləşmə potensialına sahib olduğunu nümayiş etdirir, xalqımızın iradəsini və maraqlarını layiqincə təmsil etmək imkanlarını göstərir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini özünün şah əsəri adlandırırdı və bütün xalq onun bu dəyərləndirməsini birmənalı şəkildə qəbul edirdi, bu gün də edir. Bu, xalqımızın Ümummili liderin misilsiz tarixi xidmətlərinə verdiyi qiymətin əyani ifadəsidir. 

 

Böyük arzularla yaşayan Lider

 

Xalqa xidmət etmək arzusu və bu arzuların ümumiləşdirilmiş ifadəsi sayılan ideyalar şəxsin liderlik missiyasının ilkin şərti kimi qiymətləndirilə bilər. Heydər Əliyevin uzun illər ərzində Azərbaycana uğurla rəhbərlik etməsi, ölkənin inkişafında ciddi izlər buraxmış nailiyyətlər qazanması onun öz xalqına təmənnasız, bütün imkanlarını səfərbər edərək xidmət göstərmək istəyinin qabarıq ifadəsidir. Böyük şəxsiyyətlərin həyatının təhlili göstərir ki, xüsusi fitri istedad və əyilməz iradə ilə yanaşı, xalqa təmənnasız xidmət etmək istəyi olmadan tarixin diqqətini cəlb edə biləcək nailiyyətlər qazanmaq, həqiqi lider səviyyəsinə yüksəlmək mümkün deyildir. Digər tərəfdən, tarixi şəxsiyyət səviyyəsinə yüksəlmiş liderin arzularının təcəssümü olan ideyaları xalqın istəklərinin, dövrün tələblərinin daha dəqiq və əhatəli ifadəsi olması ilə ictimai dəstək qazanır. Bu mənada, tam qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin arzuları və bu arzuların təcəssümü olan ideyaların qida mənbəyi həmişə xalqın istəyi və dövrün sifarişi olmuşdur.

Yola saldığımız XX əsrin 60-cı illərinin ortalarından etibarən Azərbaycanda əhalini narahat edən problemlər və ictimai ovqatda hakim olan ideyalar cəmiyyətdəki keçmiş Sovet respublikaları arasında aydın hiss olunan geriliyi aradan qaldırmaq, neqativ hallarla qəti mübarizə aparmaq, iqtisadiyyatı və sosial sahəni inkişaf etdirməklə birbaşa əlaqədar idi. O zamankı Azərbaycanın lideri Heydər Əliyevin fəaliyyətinin hərəkətverici qüvvəsi kimi çıxış edən arzuları da məhz həmin aktual problemlərin həlli üzərində kökləndiyindən, onun mahiyyət etibarilə yenilikçi xətti insanlar tərəfindən qətiyyətlə dəstəklənir və lazımi səmərə verirdi.

Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Qısa vaxtda o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı məhsulları istifadə edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq və əmək məhsuldarlığı ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. İqtisadi fəallığın və məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin arzularının əsas məqsədinin həyata keçirilməsinə- əhalinin rifahının yaxşılaşdırılmasına  etibarlı əsaslar yaratdı.

Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzularının və ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər və sayılmalıdır. Onun müstəqil Azərbaycanın Prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi arzularını həyata keçirməyə real şərait yaratmışdı. Dərin vətənpərvər insan olan Heydər Əliyev indi həmin arzu və ideyalarını həyata keçirməyə tarixi şəraitin yetişdiyini dərk edir və bütün fəaliyyətini bu istiqamətdə qururdu.

Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin arzuları və ideyaları sistemində, heç şübhəsiz, mərkəzi yer tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən fikrin təsdiqi kimi başa düşülməlidir.

Müstəqil Azərbaycan dövlətinin və onun etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması  Heydər Əliyevin arzularının əsas hədəfini təşkil edirdi. Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının işlənib hazırlanması və "Əsrin müqaviləsi"nin imzalanması dahi insanın bu arzularının həyata keçirilməsində  müstəsna rol oynamışdır. Əgər  bugünkü Azərbaycanın inkişafının bir neçə fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə neft strategiyasını və onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.

Heydər Əliyevin böyük arzuları Azərbaycanın təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş strategiyanı xatırladırdı. Dahi siyasətçi müstəqil dövlətin qurulması yolunda atdığı hər addımına gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.

Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider həm də böyük optimist idi. Tale onun  optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.

 

Azərbaycan inkişafının İlham Əliyev mərhələsi. Azad Qarabağ

 

Heydər Əliyevin böyüklüyü, onun ideyalarının əbədiyaşarlığı öz ifadəsini müstəqil Azərbaycanın Ulu Öndərin dünyasını dəyişməsindən sonra davam edən davamlı və dayanıqlı inkişafında tapmaqdadır. Azərbaycanın iqtisadiyyatının sıçrayışlı inkişafı, ölkənin müasirləşməsi, hərbi qüdrətinin artması və Qarabağın azad edilməsi, bütün sahələrdə möhtəşəm uğurların qazanılması inkişafın yeni - İlham Əliyev mərhələsinin təcəssümü hesab edilir.

Son 18 il ərzində Azərbaycan öz iqtisadiyyatını dəfələrlə genişləndirməklə dünyada rekord göstəricilərdən birinə imza atıb. Ölkədə yaradılan müasir infrastruktur, neft gəlirlərindən səmərəli istifadə edilməsi postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində önəmli addımları əks etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində respublikamızın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan regional miqyaslı, qlobal əhəmiyyətli nəhəng transmilli enerji və nəqliyyat layihələri bölgədə və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə xidmət edir, ölkəmizin tərəqqisinə, beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir.

Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşayiət olunur. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi koçkünə çevrilməsi Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir. Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir-birini əvəz edən ozamankı iqtidarlar nə ölkənin ərazi bütövlüyünün qorunması, nə də əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sistemli konsepsiya hazırlayıb həyata keçirməkdə bacarıqlı olmadılar. Dövlətin və cəmiyyətin resurslarını erməni təcavüzünün qarşısının alınmasına səfərbər etməyin öhdəsindən gələ bilmədilər və ya bunu bəlkə də istəmədilər. Müharibə xaincəsinə siyasi mübarizə predmetinə çevrilərək milli fəlakətin baş verməsinə səbəb oldu. Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi dünya birliyinin diqqətinə lazımi səviyyədə çatdırıla bilmədi.

AXC-Müsavat iqtidarının yarıtmaz hakimiyyətinin qoyub getdiyi total böhran mirası Qarabağın işğalı və kütləvi köçkünlər problemləri ilə təsəvvüredilməz dərəcədə ağırlaşmışdı və xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinləri üzərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi ağır tarixi missiya qoyulmuşdu.

Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi. Dahi siyasətçinin titanik səyləri öz bəhrələrini verdi. Qarabağ problemi onun zamanında həll olunmasa da, münaqişənin ədalətli şəkildə nizama salınmasının ümdə şərtlərinin formalaşmasında çox ciddi uğurlar əldə edildi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi. Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: "Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi - Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qeyri-adi qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi sayıla bilər və sayılmalıdır.

Heydər Əliyevin başladığı möhtəşəm işin məntiqi yekununu bundan daha yaxşı ifadə etmək mümkün deyil. Qarabağın azad edilməsi işğala son qoymaq üçün böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin hər kəsin qəlbində yaşayan əziz xatirəsinə ən böyük ehtiramdır.

 

Azərbaycanın parlaq gələcəyi

 

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yenilənir, müasirləşir. Son illərdə uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. İlk növbədə insanların rifahının yüksəlməsinə xidmət göstərən layihələr ardıcıl surətdə həyata keçirilir. İnsana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir və məhz elə bu səbəbdən də xalqla hakimiyyətin qırılmaz vəhdəti deyilən fenomen meydana çıxmışdır.

İqtidarın qayəsi insana qayğıdan ibarət olan siyasəti son iki il ərzində dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə mübarizə dönəmində özünü daha da qabarıq şəkildə göstərdi. Xüsusi qürur hissi ilə qeyd edilə bilər ki, amansız xəstəliklə mübarizədə Azərbaycan dövlətinin müsbət və mütərəqqi təcrübəsi, nümunəvi modeli  diqqəti cəlb edir. Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə zəruri qabaqlayıcı tədbirlər görüldü, ölkənin imkanları insanların sağlamlığının qorunmasına səfərbər edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "pandemiya dövründə əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaq idi. Çünki biz açıq-aydın başa düşürük ki, məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməli idik -  iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şaiyələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur".

XXI əsrin ilk iki onilliyi Azərbaycanın möhtəşəm uğurları ilə müşayiət  olunmuşdur. Ardıcıl surətdə sürətli iqtisadi yüksəlişi insanların rifahında diqqətəlayiq artımlarda, müasirləşmə və yeniləşmə strategiyası ölkənin simasını dəyişməsi və iqtisadi fəallığın təmin edilməsi üçün gərəkli olan əsasların yaradılmasında, ölkənin hərbi gücünün və beynəlxalq hörmətinin artması, tarixi Zəfərin qazanılması və Qarabağın azad edilməsində təcəssüm olunur.

Azərbaycanın parlaq gələcəyi hər şeydən əvvəl onun iqtisadi potensialına, həyata keçirilən uğurlu islahatlara və dünya birliyinə ardıcıl surətdə inteqrasiyasına əsaslanır. Bir neçə ildir ölkəmiz dünyanın ən islahatçı dövlətlərindən hesab olunur. Bir çox beynəlxalq reytinq təşkilatları Azərbaycanda həyata keçirilən islahatların səmərəliliyini aydın şəkildə vurğulayır, bu islahatların gələcəyə böyük körpü olduğunu qeyd edirlər.

Azərbaycan özünün parlaq gələcəyinə doğru inam və israrla irəliləməkdədir. Bunun ən simvolik əlaməti Qarabağın 30 illik işğaldan sonra azad edilməsi və erməni millətçilərinin viran qoyduğu doğma torpaqların dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi sahəsində həyata keçirilən əzəmətli quruculuq və abadlıq işləridir. Qarabağın dünya miqyasında ən müasir və gözəl məskunlaşma modeli olacağına şübhə yoxdur. Bu günə qədər Azərbaycanın simasının gözəlləşməsi və müasirləşməsi sahəsində əldə etdiyimiz təcrübə haqqında söhbət gedən iddialı layihənin uğurla həyata keçirilməsinin başlıca təminatıdır. Azərbaycan Qarabağın timsalında öz gələcəyini, imkanlarını və inamını bütün dünyaya sübut edəcək, dünya yenidən yeni Azərbaycanın şahidi olacaq.

Azərbaycanın tərəqqisi, heç şübhəsiz, dünya azərbaycançılığının gücünün artmasından ibarət sosial hadisədə əksini tapır. 2001-ci ildə Ulu Öndərin  soydaşlarımızın təşkilatlanmasına yeni təkan vermək niyyəti ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayını çağırması eyni zamanda inkişaf yolunda ilk qətiyyətli addımlarını atan müstəqil Azərbaycanı bütün dünyaya təqdim etmək kimi məna yükünə malik idi. Dünya Azərbaycanlılarının növbəti qurultayının aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş azad Şuşada keçirilməsi Heydər Əliyev ideyalarının daha bir təntənəsi, ölkəmizin yeni mərhələdə möhtəşəm iqtisadi, sosial və infrastruktur transformasiyasına başlamasının qlobal miqyasda bəyan edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Onun tarixi dəyərinin ən bariz ifadəsi Zəfər qurultayı adlandırılmasında təcəssüm olunur. 50 milyonluq soydaşlarımız əmindir ki, xalqımızın iradəsi, Ümummilli Liderin əbədiyaşar ideyaları və Prezident İlham Əliyevin daim böyük qələbələrlə müşayiət olunan siyasəti XXI əsrin ən uğurlu gənc dövlətlərindən olan Azərbaycanın  yeni zirvələr fəth etməsinin etibarlı əsasını təşkil edir. Həyat dəfələrlə bu siyasətin alternativi olmadığını sübuta yetirmişdir.  

Yasin Məcidov
Akif Abdullayev
Hümbət Abbasov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031