Erməni nazir Rusiya TV-lərinin yayımının dayandırılması məsələsindən danışıb
Ermənistan hökuməti Rusiya telekanalları ilə bağlı bütün mümkün ssenariləri müzakirə edir.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan deyib.
Nazirin sözlərinə görə, Ermənistanın Nazirlər Kabineti ölkədə yayımlanan Rusiya telekanallarının fəaliyyəti ilə bağlı bütün mümkün variantları nəzərdən keçirir.
Xatırladaq ki, bir müddət öncə Ermənistanın Radio və Televiziyası Komissiyası Rusiya telekanallarının yayımına dair sazişin müddəalarının pozulmasını aşkarladığını bildirmişdi.
Komissiyasının rəhbəri Tiqran Akopyanın sözlərinə görə, Rusiyanın bəzi kanallarında tok-şou tipli verilişlərlə bağlı Ermənistanda vaxtaşırı məsələ qaldırılır və sonuncu dəfə bu məsələ təxminən 2 il bundan əvvəl müzakirə olunub.
Akopyan pozuntuların müşahidə edildiyi kanalların "RTR - Planet" və "Birinci kanal dünya şəbəkəsi" olduğunu vurğulayıb.