Azərbaycanın Xankəndi ilə bağlı mühüm planı: “Gələn il tələbələr…”
“Bakı şəhərindəki sıxlığa əsasən ali təhsil ocaqlarının bölgələrə köçürülməsi məsələsi hər zaman aktual olaraq qalır”.
Bunu təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, layihə reallaşarsa, bu, sıxlığın qarşısını almaq üçün ən yaxşı nümunə olacaq:
“Xankəndinin azad olunması həmin məsələyə daha da təkan vermiş oldu. Bu ərazi olduqca geniş və əlverişlidir. Orada ali təhsil ocaqlarının mövcud olması üçün hər cür şərait var. Bütün təchizat yerindədir. Düşünürəm ki, növbəti tədris ilində Xankəndidə dərslərə başlamaq mümkündür.
Bu haqda bir neçə təklif daha ideal görünür. Bölgədə kənd təsərrüfatı ilə bağlı işlərin həyata keçirilməsi burada aqrar universitetin olmasını zəruri edir. Ərazidəki inşaat işləri ilə əlaqədar olaraq bu tipli ali təhsil ocağı da fəaliyyətə başlaya bilər. Digər tərəfdən, bir sıra rayonu çıxsaq, əksər bölgələrimizdə böyük universitetlərimiz mövcud deyil. Əgər layihə reallaşsa, sıxlığın qarşısının alınması üzrə çox yaxşı nümunə olar.
Sözügedən mövzu ölkəmizdəki qəbul sisteminin sadələşdirilməsini yenidən gündəmə gətirir. Misal olaraq, bölgələrdəki universitetlərə attestatla qəbul həyata keçirilsə, abituriyentlərin xaricə getməsilə yanaşı, həm də paytaxtdakı sıxlıq problemi də həll olar.
Harada stimullaşdırıcı təkliflər varsa, oraya mütləq axın olacaq. Xankəndi Dövlət Universiteti açıldığı təqdirdə, müəllimlərə yüksək əməkhaqqı nəzərdə tutulsa həmin bölgəyə tələblər də artacaq.
Həmçinin, burada mənzil fondu yetəri qədər artıqdır. Xankəndidə təhsil alan tələbələr Bakıdakı kimi dar, rütubətli evlərdə yox, rahat və istiliklə təmin olunan mənzillərdə qalacaqlar. Hər şeydən öncə layihə həyata keçiriləcək bölgədə şərait yaratmaq lazımdır”.