Heydər Əliyev irsinin ən layiqli davamçısı
Hər bir xalqın tarixində önəmli iz qoyan şəxsiyyətlər olub. Azərbaycan xalqı da bəxti gətirənlərdən olub. Onun ən çətin vaxtlarında öz həyatını təhlükəyə ataraq ölkəni bəladan xilas etmək missiyasını öz üzərnə götürən şəxsiyyəti də Tanrı Azərbaycan xalqının qismətinə yazıb. Bəli, bu tarixdir, tarixi də şəxsiyyətlər yaradır. Dövlətin inkişaf yoluna qədəm qoyması üçün məşəqqətli yollardan keçməyi bacaran, ölkəni dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırmaq bacarığına malik olublar. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Azərbaycanın dinamik inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, praqmatik təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı yetişdirmişdir.
Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Dahi siyasətçi inanırdı dediklərinə, etimadı böyük idi İlham Əliyevə və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O çətin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi.
2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən İlham Əliyev qısa müddət ərzində Azərbaycanın yeni dövr üçün prioritetlərini açıqladı və islahatların həyata keçirilməsi üçün çevik mexanizmlər tətbiq etməyə başladı. İlham Əliyev birinci prezidentliyi dövründə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Onun daim xalqın mənafeyindən çıxış etdiyini göstərdi. Ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki yenidən qələbə qazanması bir daha göstərdi ki, xalq seçimində yanılmayıb, onun Prezidenti siyasi varisi olduğu müəllimindən, müdrik dövlət xadimindən aldığı dərsi mükəmməl öyrənib. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi İlham Əliyevin prezidentliyinin ikinci dönəmində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxdı. Azərbaycan ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxmış siyasi kursun davamlılığının təmin olunması, islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirdi. İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi onun siyasi yetkinliyindən, milli maraqlara maksimum cavab verən siyasətçi olmasından xəbər verir. Təsadüfi deyil ki, İlham Əliyev çıxışlarında daim "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin", deməklə insanlarda özünə inamı artırırdı. Vətəndaşlar aparılan islahatların nəticələrini öz həyatlarında hiss etdikcə öz Liderinə olan etimadı gündən-günə artırdı. Bu da Azərbaycanın dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır. Güclü və çevik iş qabiliyyətli komandaya malik olan Azərbaycan Prezidenti hökumət qarşısında hər bir mərhələ üçün duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyətdən keyfiyyət müstəvisinə keçirməyin zəruri olduğunu önə çəkib. Dövlət başçısı ötən 18 il ərzində imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamlarla, qəbul etdiyi çevik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib.
Davamlı olaraq uğur və nailiyyətlərə yol açan vacib faktorlardan birinin də siyasi varislik ənənələri olduğunu qeyd etdik. Bu, əslində hər bir ölkə üçün aktualdır. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq ötən müddətdə qazandığı böyük uğurların təməlində də siyasi varislik prinsipləri var. 2000-ci ildə partiyanın proporsional siyahısına rəhbərlik edən İlham Əliyev YAP-ın qələbəsində həlledici rol oynamaqla, zəruri liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqlədi. İlham Əliyev Milli Məclisin deputatı olarkən Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən parlament nümayəndə heyətinə rəhbərlik edərkən milli maraqları ləyaqətlə qoruyan və daim uca tutan vətənpərvər siyasətçi olduğunu nümayiş etdirdi.
Azərbaycan xalqı da İlham Əliyevin bütün fəaliyyəti dövründə Onun ətrafında sıx birləşərək Heydər Əliyev siyasi kursuna sadiqliyini, Ümummilli Liderə sevgisini və inamını bir daha nümayiş etdirdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər ğn yerlərdə durur. Demokratik inkişaf yolunda həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olmasını tərəddüdsüz qeyd etmək olar. Hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev şübhəsiz, öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində qurub. Eyni zamanda, O, Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmir, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Prezidentimizin apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib.
Balaşov Qulaməli Qurbanəli oğlu
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası”
kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
“Qabaqcıl təhsil işçisi”, YAP-ın üzvü