Rusiyadan Gürcüstana gedən yeganə quru yolu BAĞLANDI
Gürcüstan ərazisində pis hava şəraiti ilə əlaqədar Gürcüstan Hərbi Yolu ilə bütün nəqliyyat növlərinin hərəkəti yenidən məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb .
""Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 21-i saat 20:40-dan etibarən Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxmaq istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib" - məlumatda deyilir.
Məhdudiyyətlərin növbəti xəbərdarlığa qədər tətbiq edildiyi dəqiqləşdirilir.
Kazbegi-Verxniy Lars sərhəd-keçid məntəqəsi Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.
2023-cü ilin yayında Rusiya və Gürcüstan sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsində avtomobillər üçün zolaqların sayı 39-a çatıb. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi qeyd edib ki, üç zolağa keçidin genişləndirilməsi keçid problemini həll etməlidir.