“İşsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalıb” – Prezident
“Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülmüşdür. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilmişdir”.
Bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətində deyilir.
“Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalaşdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir. Təkcə son dörd ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır”, – müraciətdə bildirilir.