"Böyük sülh"ü yaxınlaşdıran işarə: Ermənistan imza atır, 8 kənd qaytarılır və...
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olundu. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası da, öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
Mövzu ilə əlaqədar Publika.az-a danışan deputat Musa Quliyev hesab edir ki, Ermənistan və Azərbaycan arasında əsirlərin mübadiləsinin baş verməsini münasibətlərin yumşaldılması kimi qiymətləndirmək lazımdır:
"Eyni zamanda, Prezident Administrasiyası və Ermənistan baş nazirinin katibliyinin yaydığı birgə məlumata görə, digər yumşaldıcı, qarşılıqlı etimadı artıran addımlar atılır. Artıq Ermənistan və Azərbaycan müəyyən beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən addımlar atıblar.
Bütün bunlar bölgədə sülhün və əməkdaşlığın bərpa olunmasına aparan addımlardır. Hesab edirəm ki, bu, həm də artıq Ermənistanla Azərbaycan arasında böyük sülhün imzalanmasını yaxınlaşdıran işarələrdir. Cənab Prezident Tbilisidə olarkən demişdi ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlər qarşılıqlı etimad əsasında və başqa qüvvələrin müdaxiləsi olmadan tənzimlənməlidir, tənzimlənə bilər. Sülh müqaviləsi də, bölgənin əməkdaşlıq məsələləri də bölgədə həll olunmalıdır. Ermənistanda hələ də təəssüf ki, dövlətçilik çox zəifdir və Ermənistan tərəfinə müəyyən təzyiqlərin olması gözləniləndir. Amma Azərbaycan öz yolu ilə gedir və biz çox arzu edərdik ki, qısa müddət ərzində sülh müqaviləsi bağlansın".
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar hər iki tərəf üçün faydalıdır:
"Bunu mən aylar öncə də vurğulayırdım. Çünki vasitəçilərin xüsusi maraqları olur. Bu maraqlar bəzən öz aralarında da çatışır. Ən optimal yol birbaşa danışıqlardır. Artıq bu, öz faydasını da verməyə başlayıb. Əsirlərimiz qaytarılır. Növbəti addımlar da atıla bilər. Hesab edirəm ki, gələn il də proseslər bu sürətlə davam etsə və Ermənistan qarşılıqlı addımlar atsa, sülh sazişinin imzalanması mümkün ola bilər. Bir şərtlə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atsın, dəhliz məsələsində razılığa gələk və bizim kəndlərimizi geri qaytarsın".