Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqı Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyini böyük ehtiramla qeyd etdi.
Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılaraq öyrənilməsinə, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.
Bütün sahələrdə olduğu kimi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar sayəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.
Bununla da ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Belə ki, xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə, yəni oktyabrın 3-də ümumi səsvermə yolu ilə xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu!
Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin və dövlətimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi.
Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, 31 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaradılması da dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas tərkib hissələrindən biridir.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 20 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə edərək “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Ali Baş Komandan kimi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Nəhayət 19 sentyabr 2023-cü il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən başladılan və 24 saatdan da az sürən uğurlu antiterror əməliyyatları nəticəsində Qarabağın inzibati mərkəzi Xankəndinin terrorçulardan təmizləndi və bununla tarixi ədalət bərpa edildi, həm də 1988-ci ildə erməni terroruna məruz qalan xalqımızın qisasını alındı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar YAP Səbail rayon təşkilatı meliorator ərazi təşkilatının təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət verməsi iştirakçıların diqqətinə çatdırılmışdır. Bu sahənin əhəmiyyətini yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlaması, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsi, meliorasiya və su təsərrüfatının həmişə olduğu kimi, bu gün də ölkəmizin regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olması, Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən əzmlə davam etdirilməsi xüsusi vurğulanıb.
12 dekabrda Azərbaycanın böyük oğlu, otuz ildən artıq bir dövrdə xalqının həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin (1923-2003) vəfatının 20-ci ildönümü tamam olur. İstər sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında çoxlu sayda kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaq, əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Saleh Sadıqov,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloj- Meliorativ Xidmət və Suların İstifadəsinə -Mühafizəsinə Nəzarət İdarəsinin rəisi, respublikanın Əməkdar Mühəndisi, YAP Səbail rayon təşkilatı meliorator ərazi təşkilatının sədri