bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İranın gündəmini zəbt edən hərəkat: Azərbaycan qarşı istifadə edirlər

15-12-2023, 15:11 0 dəfə baxılıb





1945-ci ildə İran Azərbaycanında milli hökumət elan edilməsinin 78-ci ildönümü Azərbaycanda gündəm olmasa da, İran nəşrləri mövzuya geniş yer ayırıblar.

Kavə Bayat adlı müəllif yazır ki, Azərbaycan Demokrat Firqəsi hansısa formada yerli muxtariyyət istəyirdi və Sovet İttifaqından dəstək alırdı. Sovet İttifaqının dəstəyinin səbəbi neft konsessiyası əldə etmək üçün təzyiq yaratmaq idi. Bununla yanaşı etiraf edir ki, Sovet İttifaqı ilə ümumi sərhədə görə azərbaycanlıların sosialist ideyaları ilə tanışlığı, Rza şah dövründəki milli zülm, yoxsulluq, kəndlilərin feodallarla mübarizəsi kimi amillər Demokratik Firqənin yaranması üçün əsas olub.

“Hamyaar.ir” nəşri iddia edir ki, Azərbaycan SSR Xalq daxili işlər komissarının müavini Ağasəlim Atakişiyev Pişəvəri hərəkatında xüsusi rol oynayıb. Yazıda onun guya Pişəvərini istefaya məcbur etmək üçün işlətdiyi fikir yer alır: “Səni gətirən, sənə deyir, get”.

Mühacir iranlı jurnalist Amir Taheri mövzunu “İndependent”in fars xidmətində araşdırıb. O, daha çox Rza Şahın sevimlisi olmuş Nəcəfqulu Püsyanın “Ölüm də var idi, qayıdış da” kitabına istinad edir. Xatırladaq ki, N.Püsyan 1971-76-cı illərdə İran parlamentinin Muğandan deputatı olub, fransız və ingilis dillərinə bələd olduğu üçün bir sıra qəzetlərin, o cümlədən “Sobh Mozor”, “Monthly Information”, “Iran Novin” kimi qəzetlərin tərcüməçisi və redaktoru olmuşdu. Uzun müddət İqtisadiyyat, meliorasiya, enerji, şəhərsalma nazirliklərində işləmiş, Pəhləvidən çoxlu mükafatlar almışdı. Əsərləri: “Ölüm var idi, dönüş də”, “Araz sahillərindən qanlı Mahabada”, Nürnberq məhkəmələrinin tərcüməsi.

Taheri yazır ki, sovet hökumətinin son illərində Bakıda olub, Demokrat Firqəsinin sağ qalmış bəzi üzvləri ilə görüşüb, onların guya peşmanlıqlarına şahid olub. Daha sonra Bakı haqda iki kitab yazmış Naser Həmrəngin fikirlərinə yer verir. N.Həmrəng iddia edir ki, Pişəvəri ömrünün sonuna yaxın Demokrat Firqəsinin sağ qalan üzvlərini toplayaraq İrana keçmək istəyirmiş: “O, əcnəbilər tərəfindən oynadılmaqdansa, burada öz həmvətənləri tərəfindən işgəncəyə məruz qalmağı və ya öldürülməyi üstün tuturdu”.

Daha sonra bundan da böyük yalanlar uydurulur. Guya sovet Azərbaycanında “İran sivilizasiyası Rusiyanın təklif etdiyi sovet modeli ilə rəqabət” aparırmış və Azərbaycanda 400 farsdilli məktəb varmış (Ola bilsin ki, müəllif fars dilinin xarici dil kimi tədris edildiyi orta məktəblərin sayını farsdilli məktəblər kimi təqdim edir. Amma o say da bu qədər deyildi-C.Q).. Erkən gəncliyi sovet dövründə keçən şəxs kimi absurdluğuna heyrət etməli olduğum digər iddiaya görə isə Gəncə, Lənkəran, Bakı və Şamaxının iaşə obyektlərində Şahbanu Fərəhin, Fətəlişah Qacarın portretləri asılırmış.

Həmrəng iddia edir ki, Azərbaycan Respublikası öz irani kimliyindən imtina edərək türk millətçilərinin köməyilə panturanizmə meyl edir, hətta Azərbaycan Respublikasını Turan respublikası adlandırmaq istəyirlər (Təbii ki, belə bir fakt yoxdur-C.Q). Belə qənaət hasil edir ki, Sovet İttifaqı dağılan zaman İran dini fanatizm yox, irani kimliyi təbliğ etsəydi, bu gün “Turan (yəni Azərbaycan-C.Q) İrana qarşı çıxmazdı”

“21 Azər regionun irani kimliyi haqda düşünmək üçün yaxşı fürsətdir. Əgər Araz çayının hər iki sahilindəki hazırkı liderlərin bu əlaqələri formalaşdırmaq iradəsi və müdrikliyi olmasa, onların davamçıları, şübhəsiz ki, fərqli siyasət yürütməyə məcbur olacaqlar”- deyə mühacir iranlı Qərbin guya İran rejimi əleyhinə dəstəklədiyi “İndepedentpersian”-da Cənubi azərbaycanlıların istiqlal savaşının simvolu olan 21 Azəri ölkəmizin müstəqilliyini təhdid etmək üçün fürsət kimi yararlanmağa çalışır.

“Khabarfoori” nəşri isə Pişəvərinin tərcümeyi-halında ziddiyyətlər axtarır, onun “Açıq söz” qəzetində, Ədalət Partiyasında , Mirzə Kiçik xanın Gilan Respublikasında oynadığı roldan bəhs edir. Solçu dünyagörüşündən irəli gələn beynəlmiləlçi fikirlərini götürüb onu türkçülüyə, panazərizmə (bütöv Azərbaycan ideyasına) düşmən kimi göstərmək istəyir.

Radikal paniranistlərin “Azeriha” saytı bu əks qavrayışyaratma (tərs alqı) təşəbbüslərində daha da irəli gedir. “Onlar Pişəvəri haqda nəyi bilmənizi istəmirlər” adlı məqalədə iddia edilir ki, o nəinki müstəqillik, heç federasiya tərəfdarı da olmayıb. Zamanında Tudə partiyası onun iddialarına, parlamentdə təmsil olunmaq istəyinə maneə olmasaydı, Pişəvəri Atakişyev, Bağırov və Mirzə İbarhimovun tələsinə düşməzdi.

Amma imzası Azərbaycanda yaxşı tanınan, türkofob Salar Seyfəddini belə pərdələnmir, birbaşa Demokrat Firqəsinin “xəyanətlərindən” bəhs edir, İran ordusunun Milli Hökuməti ləğv etmək üçün törətdiyi qırğınlara da haqq qazandırır.

İki il sonra Milli Hökumətin 80, 5 il sonra isə Türkmənçay sazişinin 200 illik ildönümləri gəlir. Hər iki mövzu İran təbliğatı tərəfdən xüsusi olaraq istismar edilir, Azərbaycan Respublikasına və ümumən azərbaycanlı kimliyinə qarşı istifadə edilir.

Göründüyü kimi, Milli Hökumət ideyasını gözdən salmaq üçün Pəhləvilərin sevimlisi N.Püsyanın tezisləri bu gün də həm iranlı mühacirlər, həm də İranın özündəki İslam inqilabı tərəfdarları tərəfindən “eyni uğurla” təkrarlanır. Yazılarda Pişəvəri ziddiyətli şəxs kimi təqdim edilir. Onun çar Rusiyası dövründə Bakı quberniyasında iranlı miqrantları birləşdirən Ədalət Partiyasındakı fəaliyyət dövrü və ozamankı iranlı mühacir kimliyi ilə yazdığı yazılar əsas gətirilərək ondan az qala paniranist düzəltmək, beləliklə, İran azərbaycanlılarının milli hərəkatının simvolunu ləkləmək istəyənlər də var, onu bəri başdan satqın, Stalinin oyuncağı kimi təqdim edənlər də. Hətta etnik mənşəcə azərbaycanlı olmaması haqda iddialar da ortaya atılır. Görünür, ən azı bizim elmi ictimaiyyətin, bəzi KİV və təşkilatların mövzunu diqqətdə saxlamasına, İran və üçüncü tərəflərin manipulyasiyalarına cavab verməsinə ehtiyac var.

Xatırladaq ki, Azərbaycan Milli Hökuməti 1946-cı ilin dekabrında İran ordusunun hücumu ilə devrilib. Həmin hökumət zamanı çap olunmuş azərbaycanca kitablar İran Ordusu tərəfindən yandırılıb. Azərbaycanlı fəallar dekabr ayının 17-sini Kitab Günü kimi qeyd edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930